Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbədənkənar sessiyasında ilk iclası keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Milli Məclisin 2023-cü il növbədənkənar sessiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra iclasda 14 məsələnin müzakirə ediləcəyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ötən 5 ayda makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan verib. İqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərə nail olunması, o cümlədən işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb. Bununla əlaqədar Azərbaycan Prezidenti müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib və gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir.

Qanun layihələrinin təqdimatlarından sonra onların müzakirəsinin birgə aparılması qərara alınıb.

Gündəliyin birinci məsələsi olan "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Bildirilib ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, 2023-cü ildə neftin orta illik qiymətinin 73,1 ABŞ dolları olacağı proqnozlaşdırılır. Dünya Bankı neftin qiymətinə dair proqnozunu 4 ABŞ dolları azaldaraq 88 ABŞ dollarına endirib.

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 30 milyard 774 milyon, xərclərinin 33 milyard 353,3 milyon, kəsirinin isə 2 milyard 579,3 milyon manat olacağı planlaşdırılıb. Eyni zamanda, 2023-cü ildə ÜDM-in real artım tempinin 2,7 faiz, qeyri-neft-qaz ÜDM-in real artım tempinin 4,5 faiz, inflyasiyanın orta illik səviyyəsinin 6,9 faiz olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib.

Komitə sədri bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyərin 40 milyard manat, iqtisadi artım tempinin 0,1 faiz təşkil etdiyini söyləyib. O qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in 111,6 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8 faizə endirilməsi nəzərdə tutulur. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2023-cü il üçün 4,5 faizdən 4,9 faizə qədər artırılıb. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5 faizə bərabər olub. Yenidən baxılma zamanı orta illik inflyasiya 10,4 faiz olaraq dəqiqləşdirilib.

Vurğulanıb ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunub. Dövlət Neft Fondundan transfert istisna olmaqla, dövlət büdcəsinin gəlirləri proqnozdan 2 milyard 412 milyon manat artıq icra edilib. Mühüm dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında bu il əlavə olaraq 4 milyard 338,4 milyon manat məbləğində maliyyə tələbatı yaranıb.

Bildirilib ki, deyilənləri nəzərə alaraq, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 3 milyard 005,5 milyon manat artırılaraq 33 milyard 779,5 milyon manata, xərclərinin 3 milyard 215,5 milyon manat artırılaraq 36 milyard 568,8 milyon manata, kəsirin 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4 faiz olması proqnozlaşdırılıb.

Komitə sədri Tahir Mirkişili Prezident İlham Əliyevin Laçın şəhərinə səfərini və şəhərin ilk sakinlərinə evlərin açarlarının təqdim edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O bildirib ki, 2023-cü ilin dövlət büdcəsində Böyük Qayıdış Proqramında nəzərdə tutulan layihələrin icrası üçün 3 milyard manat vəsait təsdiq olunub. Həmin vəsaitin 60 faizə yaxın hissəsi cari ilin ötən 5 ayı ərzində istifadə olunub.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumatda bildirib ki, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774 milyon manata qarşı 3 milyard 005 milyon manat və ya 9,8 faiz artırılaraq 33 milyard 779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353,3 milyon manat məbləğində xərcləri 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36 milyard 568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579,3 milyon manata qarşı 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2 milyard 789,3 milyon manat olacaq.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 milyard 123 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb. Cari ilin ilk 5 ayında Dövlət Neft Fondunun dövlət büdcəsinə transfert üzrə daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Bu vəsaitin 50 faizi qeyri-neft sektoru hesabına, digər hissəsi isə neft sektorundan daxilolmalar hesabına təmin edilib.

Bildirilib ki, bütövlükdə, qeyd olunan 4,3 milyard manat maliyyə resurslarının 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə, cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata yüksəldiləcək. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da artırılması üçün əlavə ayrılacaq 1 milyard manat vəsait nəzərə alınmaqla, xüsusi müdafiə təyinatlı xərclərə yönəldilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatdırılacaq.

Qeyd olunub ki, bununla yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur. Belə ki, ölkəni yeni “Azərsky2” peykinin orbitə çıxarılması ilə əlaqədar “Azərkosmos” Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının artırılması üçün ümumilikdə 297,5 milyon manat, habelə beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139,6 milyon manat, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi üçün 100 milyon manat, Azərbaycanın xaricdəki diplomatik və digər nümayəndəliklərinin əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı, həmçinin bəzi xarici ölkələrdə yeni səfirlik və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması ilə əlaqədar 26 milyon manat, BMT-nin iqlim dəyişməsi üzrə çərçivə konsepsiyasına uyğun olaraq ölkəmizin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi üçün 13,6 milyon manat, dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti ilə bağlı verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması və digər zəruri tədbirlərin maliyyə təminatı üçün 102 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər üçün əlavə 177,5 milyon manat, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 79 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16 milyard 039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin 14 milyard 932 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 milyard 728 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi və ya 22 milyard 039,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi və ya 13 milyard 347 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi və ya 1 milyard 182,5 milyon manat vəsait yönəldiləcək.

2023-cü il dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manata çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244,5 milyon manat və ya 8,5 faiz çoxdur. Qeyd olunub ki, icmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678,9 milyon manat əlavə gəlirlər hesabına 1 milyard 735,3 milyon manat profisit yaranacaq.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən sığorta fondunun dürüstləşdirilmiş büdcə layihələrinin “Büdcə sistemi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlandığını söyləyib.

Diqqətə çatdırılıb ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərclərinin 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq.

Bildirilib ki, İşsizlikdən sığorta fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı bu fondun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək.

Tahir Mirkişili bu qanun layihələri ilə əlaqədar rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı təqdim olunan qanun layihələrinə dair Hesablama Palatası tərəfindən rəy verildiyini deyib.

Sonra bu qanun layihələri ətrafında müzakirələr aparılıb. Bir sıra deputatlar fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı təqdim olunan 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Komitə sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, Azərbaycanda 2022-ci ildə iqtisadiyyatın real artımı gözlənilən 3,5 faiz proqnoza qarşı 4.6 faiz olub, ümumi daxili məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə - 133,8 milyard manata çatıb.

Diqqətə çatdırılıb ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,4 faiz və ya hədəf göstəricidən 5,1 faiz az, dövlət borcunun ÜDM-ə nisbəti isə 11,6 faiz və ya hədəf göstəricidən 8,4 faiz az olub. Hesabat ilində ölkənin dövlət borcu 490,7 milyon manat artaraq 15 milyard 566,6 milyon manat, dövlət borcunun 73,1 faizini təşkil edən xarici birbaşa dövlət borcu isə 700,2 milyon ABŞ dolları azalaraq 6 milyard 693 milyon ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat təşkil edib və proqnozla müqayisədə 1 milyard 481,8 milyon manat çox icra olunub. Qeyd olunub ki, gəlirlərin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 milyard 350 milyon manat təşkil edib. Vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 15 milyard 543 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 5 milyard 654,6 milyon manat olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 3 milyard 594,5 milyon manat azalaraq, 7 milyard 923 milyon manat təşkil edib.

Komitə sədri bildirib ki, 2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1 milyard 113,9 milyon manat məbləğində və ya 48,1 faiz çox icra olunub.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar fikirlərini açıqlayıblar.

Maliyyə naziri Samir Şərifov iclasda səsləndirilən bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğu, mahiyyətcə bir-birinə yaxın olduğunu bildirilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik olunması barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.

Komitə sədri Siyavuş Novruzov, deputat Ülviyyə Həmzəyeva məsələlərlə bağlı öz fikir və qeydlərini söyləyiblər. Komitə sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibət bildirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib.

Sənədə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, həmin şəxsi hərbi əməliyyatların qurtardığı gündən azı altı ay keçdikdən sonra ölmüş elan edə bilər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, sənəd məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşdirilməsi istiqamətində həyata keçirilən işlərin davamı olaraq, məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi, Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, gündəliyin qalan 6 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, məzmun və mahiyyətcə də bir-birinə yaxındır.

Beləliklə, gündəliyin 9-12-ci məsələlərinin – birinci oxunuşda müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin əvvəlcə təqdimatlarının dinlənilməsi, sonra birlikdə müzakirə olunması qərara alınıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) məlumat verib.

Bildirib ki, Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. Buna uyğun olaraq 14 dövlət qurumu ilə koordinasiyalı şəkildə hazırlanan qanun layihəsində qanuna “Nəqliyyat vasitələrinin utilizasiyası” fəslinin əlavə edilməsi təklif olunub.

İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihələri haqqında məlumat verən komitə üzvü Kamal Cəfərov deyib ki, sənədlərdə utilizasiyası ilə bağlı qanunvericilikdə yeni yaranan münasibətlərə görə yeni inzibati qaydaların və xətaların müəyyən edilməsi təklif olunub.

11-ci məsələ barədə məlumat verən Tahir Mirkişili bildirib ki, "İstehsalat və məişət tullantıları haqqında" qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğun olaraq hazırlanan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı "Tullantılar haqqında" Qanuna uyğun olaraq utilizasiya haqqı tutulacaq.

10-cu, 11-ci və 12-ci məsələlərlə bağlı komitə sədri Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin müsbət rəyini təqdim edəndən sonra sənədlərin müzakirəsi aparılıb. Müzakirədə çıxış edən deputatlar layihələrlə bağlı fikirlərini bölüşüblər, qeydlərini səsləndiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin 13-cü məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Musa Quliyev məlumat verib.

Deputat Fazil Mustafanın sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Kamal Cəfərov məlumat verib.

Sənəddə nəqliyyat vasitələrinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı ayrıca inzibati xətanın müəyyən edilməsi, həmin xətanın alkoqol sərxoşluğu vəziyyətində törədilən xətalardan fərqləndirilərək sanksiyalarının ağırlaşdırılması nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin 2023-cü ilin növbədənkənar sessiyasının ilk iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb