SİYASƏT


Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclası açaraq 16 məsələnin müzakirəsinin nəzərdə tutulduğunu söyləyib. O, gündəliyin ilk iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova qeyd edib ki, birinci məsələ - “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Milli Məclisin qərar layihəsidir. O bildirib ki, adı çəkilən Komissiyanın Əsasnaməsinə görə, onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilir. Milli Məclis Aparatının rəhbəri dəyişdiyinə görə, qərarda müvafiq dəyişiklik nəzərdə tutulub.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi barədə məlumat verib.

Komitə sədri Milli Məclisdə Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını bildirib. O, Azərbaycanın xarici əlaqələrinin, parlament diplomatiyasının inkişaf etdiyini vurğulayıb, Venesuela ilə dostluq qrupunun yaradılmasının məqsədəmüvafiq olduğunu deyib. Qrupun rəhbərinin beynəlxalq əlaqələrdə təcrübəsi olan Milli Məclisin deputatı Tamam Cəfərovanın təyin edildiyini söyləyib.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin digər məsələləri üçüncü oxunuşda olan qanun layihələridir. O bildirib ki, büdcə zərfi ilə bağlı olan növbəti üç məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirilib ki, qanuna edilən dəyişikliklər parlamentin plenar və komitə iclaslarında geniş müzakirə olunub. Birinci və ikinci oxunuşlar zamanı aparılan müzakirələrdə bir çox deputat çıxış edib və layihəni dəstəkləyiblər. Diqqətə çatdırılıb ki, sənəddə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381,8 milyon manat, xərclərinin isə 2 milyard 424,8 milyon manat artırılması təklif olunur. Artırılan xərclərin əsasən, təhlükəsizlik, müdafiə, sosial sahələrdə, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sərf olunacağı nəzərdə tutulub. Qanun layihəsi büdcə qaydasında ölkə Prezidenti tərəfindən müəyyən olunmuş yuxarı hədləri keçməyib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri haqqında danışıb. Qeyd edilib ki, hər iki sənəd komitələrdə və plenar iclasda birinci və ikinci oxunuşlarda ətraflı müzakirə olunub. Qanun layihələrinin mətnlərində dəyişiklik edilməyib.

Təqdim olunan sənədlərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilir. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000 manat artırılaraq 180 375 536 manatdan 181 375 536 manata çatdırılması nəzərdə tutulub.

Komitə sədri Tahir Mirkişili "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə layihəyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxıldığını və müsbət rəy verildiyini bildirib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Sənədə əsasən, yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, bu sahədə xüsusi xidmətlərə görə Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti altı məsələsi Prezident tərəfindən Milli Məclisə təqdim olunub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti dörd məsələnin – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin mahiyyəti barədə danışıb.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanun Konstitusiya qanunu olduğuna görə bu Qanuna dəyişiklik 6 ay sonra yenidən səsə qoyulacaq və onun qüvvəyə minməsi tarixi yanvar ayının 1-dən müəyyən edilir. Digər qanunların qüvvəyə minməsi tarixi 1 iyul və 1 sentyabr olaraq qeyd olunur.

Sənədlərə əsasən, məhkəmə hakimiyyəti, qanunvericilik hakimiyyəti orqanlarında, İnsan hüquqları üzrə müvəkkil təsisatında icra hakimiyyəti orqanları ilə eyni vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili digər iki məsələ - “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrindən bəhs edib. Bildirilib ki, əvvəlki müzakirələrdə sənədlərin mətnində hər hansı bir dəyişiklik edilməyib.

Sonra təqdim olunan altı qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova deputatların diqqətinə çatdırıb ki, gündəliyin son dörd məsələsi də ölkə Prezidenti tərəfindən parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir. Bu layihələrə Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrində baxılıb.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Milli arxiv fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənədlər "Milli arxiv fondu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva həmin qanun layihələri barədə məlumat verib. O qeyd edib ki, layihələrin ikinci oxunuşu zamanı deputatlar tərəfindən hər hansı irad, təklif, düzəliş irəli sürülməyib.

Deputat Nizami Səfərov gündəliyin 13-cü, 14-cü və 16-cı məsələlərinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edildiyini və Milli Məclisin iclasına tövsiyə olunduğunu bildirib.

Gündəliyin son dörd qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edərək siyasi partiya rəhbərlərinin Zəngilana, habelə, Azərbaycan, Türkiyə və Gürcüstan deputatlarının Şuşaya səfər etdiklərini, Qarabağda həyata keçirilən quruculuq işlərinin şahidi olduqlarını bildirib. O, dünyada gedən proseslərin ölkəmizi və Orta Asiyanı enerji məsələsində önə çıxardığını qeyd edib.

Milli Məclisin deputatı Azərbaycan torpaqlarına vurulan maddi və mənəvi zərərdən bəhs edərək, bu baxımdan, problemin həlli ilə vaxtilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fikirlərini səsləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova deputat Sabir Rüstəmxanlının çıxışına münasibət bildirərək vurğulayıb ki, ölkə Prezidenti Minsk qrupunun fəaliyyətinə dair öz fikirlərini Azərbaycan xalqı adından dəfələrlə ifadə edib.

Bununla da Milli Məclisin iyunun 29-dakı iclası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.