SİYASƏT


Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 49 məsələ daxildir.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, məsələyə komitənin iclasında və Milli Məclisin plenar sessiyasında əvvəlki iki oxunuşda baxıldıqdan sonra əlavə heç bir təklif daxil olmayıb. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan 2019-cu il üçün dövlət büdcəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi və İşsizlikdən Sığorta Fondunun büdcəsi haqqında qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrində dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması, DSMF-nin və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin, həmçinin icmal büdcəsi xərclərinin yuxarı həddinin artırılması nəzərdə tutulur. Əlavə xərclərin maliyyə təminatının mənbəyi kimi vergi, gömrük və sosial sığorta haqlarının formalaşdırılması və yığılmasında inzibatçılığın gücləndirilməsi və şəffaflığın artırılması amillərini qeyd edən komitə sədri deyib ki, sentyabr ayında nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə 350 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.

Qeyd olunub ki, indiki halda DSMF-yə əlavə gəlir daxil olduğu üçün mövcud maliyyə resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 150 milyon manat azaldılmalıdır. Eyni zamanda, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən 15 milyon manat vəsaitin cari ildə Fond tərəfindən istifadə olunması nəzərdə tutulur. İcmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılaraq 27,4 milyard manata çatdırılması, DSMF-nin bu illik büdcə gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artırılması, dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləğinin 150 milyon manat azaldılması, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərclərinin bərabər olaraq 15 milyon manat artırılması təmin olunacaq. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, nəzərdə tutulan dəyişikliklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayrılan transfertin 150 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi; DSMF-nin xərclərinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin cəmi 215 milyon manat artırılması; sosial paket çərçivəsində DSMF-nin gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artırılması nəticəsində qanunda müvafiq düzəlişlər edilərək, gəlirlərin xərclərdən artıq olan hissəsi (150 milyon manat) həcmində dövlət büdcəsindən transfertin azaldılması məqsədlərini daşıyır.

Sonra “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunaraq təsdiqlənib.

Müzakirəyə təqdim olunan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sənədin təqdimatında bildirilib ki, qanun layihəsi əmək pensiyalarının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixdən artırılaraq 160 manatdan 200 manata çatdırılması məqsədi daşıyır. “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşməsi üzrə xərclərin artırılması məqsədi daşıyır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında”, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” qanun layihələri də səsvermə yolu ilə qəbul edilib.

İclasda “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında”, “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Kredit ittifaqları haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda, Vergi, İnzibati Xətalar, Miqrasiya və Cinayət məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda şərh edib. Bildirilib ki, dəyişiklik maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə təklif edilir. Maliyyə Bazarlarına Nəzarət Palatasına maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən ödənilən haqların məbləği və ödənilmə qaydası həmin Palatanın 2017-ci il 5 aprel tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar ilə müəyyən olunur. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Aqrar siyasət komitəsinin sədri “Aqrar sığorta haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim etdikdən sonra sənəd səsvermə yolu ilə qəbul edilib.

Sonra Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” Qanunda, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrdə dəyişiklik edilməsi haqqında qanun layihələrini ikinci oxunuşda müzakirəyə təqdim edib. Bildirilib ki, layihələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin Fərmanda sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması barədə normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Cinayət-Prosessual, Cinayət və Mülki məcəllələrdə dəyişiklik edilməsi haqqında və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda təqdim edən Əli Hüseynli bildirib ki, bu 4 məsələ Milli Məclisə eyni zərfdə daxil olub. Bu dəyişikliklər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihəsi də birinci oxunuşda təsdiqlənib.

Sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanının bələdiyyələrin fəaliyyətinin təşkilinə metodoloji yardım etməsini təmin etmək məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Mənzil və Vergi məcəllələrində, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda səsə qoyularaq təsdiqlənib.

Daha sonra iclasda “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Dəyişikliklər nəticəsində BOKT-lərdəki inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, zərurət yarandığı təqdirdə nəzarət orqanının çevik və effektiv təsir imkanlarından istifadə edilməsi, sistemin sağlamlaşdırılması, tələblərə cavab verməyən BOKT-lərin kənarlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər sahələrdə inkişaf üçün hüquqi əsasın formalaşacağı qeyd edilib. Sənəd səsə qoyularaq təsdiqlənib.

Eldar İbrahimovun təqdimatında İnzibati Xətalar və Gömrük məcəllələrində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər birinci oxunuşda müzakirə edilib. Bildirilib ki, qanun layihələri “Yeyinti məhsulları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Sonra Əmək, Su və İnzibati Xətalar məcəllələrində, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub. Bu sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə “Lombardlar haqqında” yeni qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən təqdim olunub. 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlandığı qeyd olunub. Qanun layihəsində lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlanmaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.

İclasın sonunda “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənəd birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, təklif olunan qanun layihəsi İpoteka və Kredit Zəmanət Fondunun satın aldığı yaşayış sahələrinə “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq edilməməsi məqsədi daşıyır ki, bu da yaşayış sahələrinin daha operativ əldə olunmasına xidmət edəcək. Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.