SİYASƏT
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim etmişdir.
Milli Məclisin sədri və deputatlar Prezident İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında ölkəmizdə gedən islahatlar, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair dərin məzmunlu nitqinə görə dövlətimizin başçısına təşəkkürlərini bildirmişlər.
Prezident İlham Əliyevin sessiyada Azərbaycanı Avropaya layiqincə təqdim etdiyini deyən sədr dövlətimizin başçısının ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu sübut etdiyini vurğulamışdır. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan öz müstəqil siyasətini aparan bir ölkədir. Bundan başqa, cənab İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir.
Milli Məclisin deputatları qeyd etmişlər ki, Azərbaycanla bağlı həqiqətləri konkret faktlar və arqumentlər əsasında böyük bir tribunadan Avropa Şurasına çatdıran Prezident İlham Əliyev, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də çox açıq və ciddi şəkildə münasibət bildirmişdir. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bütün dünyaya çox yüksək səviyyədə çatdırmışdır. Bu çıxışın ən diqqət çəkən məqamlarından biri də Azərbaycanla artıq heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Prezident birmənalı şəkildə vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcəkdir.
Deputatlar xüsusi vurğulamışlar ki, bu çıxış Azərbaycan xalqının Prezidentinə olan inam və etimadını daha da artırmışdır.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Əvvəlcə deputatlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci səsvermədə müsbət münasibət bildirmişlər.
Sonra Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Saziş təsdiqlənmişdir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələnin müzakirəsi zamanı bildirilmişdir ki, təklif olunan dəyişiklik ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydasının “İctimai iştirakçılıq haqqında” Qanun nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmasını özündə ehtiva edir. Deputatlar bu dəyişikliyi səsə qoyaraq qəbul etmişlər.
İclasın sonunda “Balıqçılıq haqqında” Qanuna təklif olunan dəyişikliklər də müzakirə edilmişdir. Bildirilmişdir ki, qanunun “Əsas terminlər və anlayışlar”, “Balıq və digər su bioresursları üzərində mülkiyyət”, “Balıqçılıq subyektlərinin uçotu”, “Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri”, “Balıqçılıq sahəsində dövlətin vəzifələri”, “Akvakultura” və digər maddələrinə təklif olunan dəyişikliklər bu sahənin daha da inkişafına xidmət edəcəkdir.
Müzakirələrdən sonra təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatmışdır.