Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Qeyd edib ki, noyabrın 27-də və 30-da keçiriləcək iclasların gündəliyinə 58 məsələ daxildir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanununu ikinci səsvermə üçün şərh edib. Bildirib ki, dəyişikliyə görə "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 16.1-ci maddəsində "2025" rəqəmləri "2230" rəqəmləri ilə əvəz ediləcək.

Sənəd səsə qoyularaq ikinci səsvermədə təsdiq edilib.

Sonra "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Deputatlar qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Milli Məclisin deputatlarının büdcə zərfinə daxil olan sənədlərlə bağlı təklif və tövsiyələr hökumət tərəfindən ilkin olaraq təhlil edilib, bəzi tədbirlər üzrə xərclərin artırılması üçün tələb olunan maliyyə təminatının mənbəyi, görüləcək işlərin fiziki həcmi, icra müddəti və digər xüsusiyyətləri nəzərdən keçirilib. Digər tərəfdən qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2019-cu ildə və sonrakı üç ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlılığının təmin edilməsi prizmasından da baxılıb. Bu zaman yeni qəbul edilmiş büdcə qaydasının əsas prinsipləri qorunub. Bütün bunları nəzərə alaraq bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb.

Nazir bildirib ki, bütövlükdə irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manat təşkil edir. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək. Belə ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsindən bu məqsədə 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Regionlarda məşğulluq səviyyəsinin artırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsindən əlavə olaraq 80 milyon manat vəsaitin ayrılması təklif olunur. 2019/2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlara nisbətdə dövlət sifarişi ilə ali təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manat vəsait təhsil xərclərinə yönəldiləcək. Gənclər Fondunun növbəti il üçün nəzərdə tutulmuş xərcləri əlavə olaraq 2,7 milyon manat artırılacaq. Bu da cari illə müqayisədə 4,4 dəfə çoxdur. Milli Elmlər Akademiyasının xərcləri 800 min manat artırılacaq. Yeni doğulmuş eşitmə və ürək qüsuru olan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə olaraq 4 milyon manat vəsait nəzərdə tutulur.

Maliyyə naziri deyib ki, 2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisə təqdim edildiyi, həmçinin müzakirələr ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə yeni yaradılmış və strukturunda dəyişiklik edilmiş bir sıra təşkilatların maliyyə təminatının həll edilməsi üçün 5,5 milyon manat vəsait ayrılacaq. Milli Məclisin 2019-cu il üçün nəzərdə tutulmuş saxlama xərclərinin 10,1 milyon manat məbləğində artırılması təklif edilir. Yeni torpaq sahələrinin əkin yerlərinə daxil edilməsi, suvarılan sahələrin artırılması və digər meliorativ tədbirlərin həyata keçirilməsi üçün kənd təsərrüfatı xərclərinə əlavə olaraq 40 milyon manat vəsaitin ayrılması təklif edilib. Bununla yanaşı, 256 milyon manat məbləğində vəsaitin islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, bələdiyyələrə ayrılan subvensiyanın artırılması məqsədi ilə onlara verilən dotasiyalar 500 min manat məbləğində azaldılacaq.

Nazir qeyd edib ki, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilk oxunuşda müzakirə edilmiş Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı olaraq əsas parametrləri diqqətə çatdırıb. Bildirib ki, Fondun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır, bu da carı ilin müvafiq proqnoz göstəricisindən 349,34 milyon manat və ya 9,8 faiz çoxdur. Orta aylıq əməkhaqqının artım tempi cari ildə 5,7 faiz təşkil etdiyi üçün əmək pensiyalarının indeksləşdirilməsi üçün 171 milyon manat vəsait nəzərdə tutulub. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 91,94 milyon manatdır, bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 4,4 faiz və ya 3,8 milyon manat artıqdır.

Nazir qeyd edib ki, 2019-cu ildə digər xərclər üçün isə 93,2 milyon manat vəsait nəzərdə tutulub. Fondun büdcəsinin gəlirləri 3 milyard 928,1 milyon manat proqnozlaşdırılır. Bu da 2018-ci ilin proqnoz göstəricisindən 8,9 faiz çoxdur. Gəlirlərin 61,6 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Bunun da məbləği 2 milyard 419 milyon manata bərabər olacaq. Cari ilin proqnozu ilə müqayisədə 6 faiz artıq olacaq.

Qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda qəbul edilib.

Hadi Rəcəbli “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi, ümumilikdə, 83 milyon 450 min manat məbləğində müəyyən edilib. Bu məbləğin böyük bir hissəsi, 42 milyonu məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cari ildə hədəf olaraq 7 minədək Azərbaycan ailəsində kiçik müəssisələrin, kiçik ailə təsərrüfatlarının yaradılması qarşıya məqsəd qoyulub. Növbəti ildə bu həcm daha da artırılacaq. Digər tərəfdən məbləğin 19 milyon 260 min manatı dövlət məşğulluq xidməti orqanlarının saxlanma xərclərinə, o cümlədən iki regional peşə tədris mərkəzinin tikintisinə sərf olunacaq.

Sənəd səsə qoyularaq ikinci oxunuşda təsdiq olunub.

İclasda, həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri də ikinci oxunuşda səsvermə yolu ilə təsdiqlənib.

Sonra Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirilib ki, dəyişikliklər əsasən “kölgə iqtisadiyyatı”nın azaldılmasını və iqtisadiyyatın şəffaflaşdırılmasını, vergitutma bazasının genişləndirilməsini, vergi inzibatçılığının təkmilləşdirilməsini, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsini, vergiödəyicisinin hüquqlarının genişləndirilməsini və sahibkarlığın inkişafının dəstəklənməsini nəzərdə tutur.

Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib: “Qanun layihəsi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasından, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsindən, vergitutma bazasının genişləndirilməsindən, inzibatçılığın və nəzarətin gücləndirilməsindən, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir. Dövlətimizin başçısının tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı təqdim olunan dəyişikliklər sırasında başlıca yer tutur. Təcrübə göstərir ki, əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsinə sövq edir. Bu vəziyyət ölkəmizdə “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir.

Diqqətinizi bəzi müqayisəli statistikaya cəlb etmək istərdim. Azərbaycanda əmək ödənişlərinin ÜDM-də xüsusi çəkisi bir qayda olaraq 20 faizdən aşağı olduğu halda, qonşu Gürcüstanda və Qazaxıstanda bu göstərici 24-30 faiz arasındadır. Azərbaycanda əhalinin pul gəlirlərinin cəmi 25 faizini əmək ödənişləri təşkil edir. Qazaxıstanda isə bu göstərici 65 faizdən yuxarıdır. Muzdlu işçilərin məşğul əhalidə payı bizdə 31,5 faiz olduğu halda, Gürcüstanda bu göstərici 42 faizi ötür. Nəhayət, Azərbaycanda nağd pul kütləsinin geniş pul kütləsində xüsusi çəkisi 50-55 faiz, Gürcüstanda 30-32 faiz, Rusiyada 19-20 faiz, Qazaxıstanda isə 13-14 faiz səviyyəsindədir. Statistika göstərir ki, 2014-2016-cı illərdə əmək müqaviləsi olmadan işləyənlərin sayı artıb. Belə ki, 2015-ci ildə vergi nəzarəti tədbirləri zamanı belə işçilərin sayının 12,8 faiz, 2016-cı ildə isə 52 faiz artması müəyyən edilib”.

M.Cabbarov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının icrası məqsədilə Vergilər Nazirliyi tərəfindən əmək müqavilələri qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi istiqamətində vergi nəzarəti tədbirləri keçirilir. 2018-ci ilin 10 ayında bu sahədə 4100 pozuntu halı aşkar olunub, 3.901.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib, 15 cinayət işi qaldırılıb. Lakin sahibkarlarda iqtisadi motivasiyanı yaratmadan görülən nəzarət və inzibati tədbirlər istənilən nəticəni vermir.

Əməkhaqqı sistemində aparılan islahatların əsas məqsədləri barədə danışan nazir deyib: “Bu islahatın əsas məqsədi qeyri-rəsmi verilən əməkhaqqını və iş yerlərini “kölgədən” çıxarmaqdır. Qeyri-rəsmi əməkhaqqının nağd şəkildə ödənildiyini nəzərə alaraq, islahatın əsas məqsədinə nail olunması, eyni zamanda, nağd pula tələbatı əhəmiyyətli dərəcədə aşağı salmaqla “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına gətirib çıxaracaq. İslahat mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsinə və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasına yönəldilib. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur”.

Nazir bildirib ki, “kölgə iqtisadiyyatı”nın mövcudluğundan ən çox zərər görən sıravi vətəndaşdır. Məlum olduğu kimi, qeyri-rəsmi əməkhaqqı və iş yerləri nəticəsində “kölgə iqtisadiyyatı”nda çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə, sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu, işçiləri gələcəkdə layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahat yüz minlərlə insanın pozulmuş pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini nəzərdə tutur. “Qeyd olunanları nəzərə alaraq, biz qeyri-neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektora gəlir vergisi üzrə müddətli güzəştlərin verilməsi formasında əmək bazarının leqallaşması üçün həm də iqtisadi stimulları və motivasiyanı təklif edirik”, - deyə nazir vurğulayıb.

Təklif olunan islahat modelinin həm də bəzi sosial-iqtisadi problemlərin həllinə də kömək edəcəyini deyən vergilər naziri qeyd edib ki, rəsmi əməkhaqqı vətəndaşların, şəffaflaşan xərclər isə müəssisələrin bank kreditlərinə çıxış imkanlarını genişləndirəcək, bununla bankların kredit aktivliyinin yüksəlməsinə şərait yaranacaq və bu, iqtisadi artıma müsbət təsir göstərəcək. Bildirilib ki, əmək bazarının şəffaflaşması həm də sosial-iqtisadi göstəricilərin həqiqi səviyyəsinin “görsənməsinə” və yaxşılaşmasına imkan verəcək. Bununla da sosial-iqtisadi siyasət sahəsində qəbul edilən qərarların keyfiyyəti yüksələcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu sənəd vergi islahatlarının bir elementi kimi qəbul olunmalıdır. Təklif olunan dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların marka olmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Dəyişiklik səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqlənib.

“Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Birinci sənədə edilməsi nəzərdə tutulan dəyişiklik qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində atılan addımlara dəstək məqsədi ilə həyata keçirilir. Dəyişikliyə əsasən, həm sahibkarın, həm də işçinin hüquqları daha dolğun tənzimlənəcək.

Digər sənədə edilən dəyişikliklər isə islahat məzmunlu olaraq 6 maddəni əhatə edir. Belə ki, 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu səbəbdən də layihədə sığortaçının, sığortaedənin və sığortaolunanların hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulub. Sonuncu qanun layihəsinə edilən dəyişiklik daha çox pensiya yaşına çatan şəxslərə şamil ediləcək güzəştlərlə bağlıdır.

Dəyişikliklə bağlı məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Gələn il, həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq. Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.

Hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul olundu.

Gündəlikdəki digər üç sənəd - Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, parlamentin daxili nizamnaməsinə edilən dəyişikliyə əsasən Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur. Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilir. Bundan sonra Hesablama Palatasının sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq.

Digər dəyişiklik təklifi isə parlamentin İntizam komissiyasının üzvlərinin sayının artırılması ilə bağlıdır. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib. Maddəyə əsasən, indiyədək Milli Məclisin İntizam Komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılır.

Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

İclasda, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” sazişlər təsdiqlənib. Sənədlərlə bağlı məlumat verən parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sazişlərə əsasən bu ölkələrə səfər edən xidməti, diplomatik və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi nəzərdə tutulur.

“Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli Marşrutu Sazişi)” təsdiq edilməsi haqqında və “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli sazişə qoşulmaq haqqında sənədlər də səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təsdiqləndi.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU