SİYASƏT


Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra deputatlar cari məsələlər barədə danışıblar.

Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Könül Nurullayeva, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Əli Məsimli, Razi Nurullayev, Tural Gəncəliyev, Azər Badamov, Müşfiq Cəfərov müxtəlif aktual məsələlərə toxunublar. Millət vəkilləri Dövlət Təhlükəsizliyi Xidməti və Sərhəd qoşunları zabitlərinin sərhəddə təqdirəlayiq fəaliyyətindən, azad olunmuş ərazilərdə yenidənqurma işlərindən, o cümlədən “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsindən bəhs ediblər. Çıxışlarda, həmçinin manatın məzənnəsi, bankların durumu, icbari tibbi sığorta ilə bağlı vəziyyət, sosial şəbəkələrdə edilən xoşagəlməz çıxışlar, müxtəlif yaş kateqoriyasından olan şəxslər, xüsusilə uşaqlar arasında intihar hallarının baş verməsi, bunun səbəbləri və qarşısının alınmasının vacibliyi, bələdiyyə torpaqlarının ayrılması sahəsində vəziyyət, təhsil sahəsində mövcud durum barədə fikirlər səsləndirilib. Deputatlar, eyni zamanda, seçiciləri narahat edən problemləri diqqətə çatdırıblar, bununla bağlı öz qeyd və təkliflərini səsləndiriblər.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 11 məsələ müzakirə ediləcək. Gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi üçüncü oxunuşun tələblərinə tam cavab verir. Sənəd dini etiqad azadlığı sahəsində mövcud olan və yeni yaranan münasibətləri ölkənin qanunvericilik sisteminə uyğun şəkildə tənzimləmək, qanunun tələblərinə riayət olunmasına nəzarəti və maarifləndirmə işini səmərəli təşkil etmək məqsədi daşıyır.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə layihə barədə öz fikirlərini açıqlayıblar.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, bu sənəd “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin icrası ilə əlaqədar hazırlanıb. Layihədə nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədin layihəsi ilə bağlı üçüncü oxunuşda məlumat verib.

Komitə sədri, həmçinin ölkədə koronavirusa qarşı peyvəndləmə prosesindən bəhs edib və bununla bağlı statistik məlumatları diqqətə çatdırıb.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək layihə barədə fikirlərini səsləndirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, növbəti üç məsələ mahiyyətcə bir-birinə yaxın və bağlı olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli gündəliyin növbəti üç məsələsini - “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Diqqətə çatdırılıb ki, hər üç sənəd “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərə əsasən, dənizçilərin şəxsiyyət sənədlərinin forması və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Bildirilib ki, dəyişikliklərdə dənizçinin şəxsiyyət sənədinin verilməsi, dəyişdirilməsi, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi prosedurlarının təkmilləşdirilməsi və daha sistemli tənzimləmə mexanizminin yaradılması təklif olunur. Layihədə, eyni zamanda, dənizçinin şəxsiyyət sənədində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə və standartlarına uyğun elektron daşıyıcının (çipin) yerləşdirilməsi, şəxsə məxsus bir sıra məlumatların sənədin özündə deyil, məhz çipə daxil edilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin dənizçinin şəxsiyyət sənədinin verilməsi (dəyişdirilməsi) haqqında ərizə-anketin yeni formasının müəyyən olunması və dənizçinin şəxsiyyət sənədinin nümunəsinin yeni redaksiyada təsdiq edilməsi öz əksini tapıb.

Deputat Qüdrət Həsənquliyevin məsələ ilə bağlı səsləndirdiyi fikirlərə Əli Məsimli münasibət bildirib.

Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Daha sonra “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələyə baxılıb.

Məsələ ilə bağlı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda iqtisadi sahədə həyata keçirilən səmərəli dövlət siyasətindən danışıb, azad iqtisadi zonaların əhəmiyyətini qeyd edib. Komitə sədri azad iqtisadi zonaya sərmayələrin cəlb edilməsi üçün hüquqi çərçivənin dəqiq müəyyən olunmasının önəmli olduğunu deyib. O, “Ələt azad iqtisadi zonası haqqında” Qanunun qəbulundan sonra keçən müddət ərzində baş verən dəyişikliklərdən bəhs edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbənin regionda yaratdığı yeni iqtisadi imkanlar, Zəngəzur nəqliyyat dəhlizinin açılması reallığı fonunda müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyini vurğulayıb.

Tahir Mirkişili layihənin Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması və müvafiq qanunun tətbiqi təcrübəsindən irəli gəldiyini söyləyib. Qeyd edilib ki, sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsində terminlərin dəqiqləşdirilməsi, səlahiyyətli qurumun hüquqlarının genişləndirilməsi, vergi, gömrük, maliyyə məsələlərinin qətiləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub. Sənəddə, həmçinin investorların cəlb edilməsi, mübahisələrin sahəvi bölgüsünün ləğvi, onların həllində nəzərdə tutulan qurumların siyahısına Beynəlxalq Arbitraj İnstitutunun əlavə olunması ilə bağlı dəyişikliklər öz əksini tapıb. Düzəlişlərin Azad Zonanın fəaliyyətinin səmərəliliyinin təmini baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Müzakirələr zamanı deputatlar Razi Nurullayev, Etibar Əliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Fazil Mustafa, İltizam Yusifov, Tural Gəncəliyev sənədlə bağlı fikirlərini söyləyiblər.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclisdə hazırlanıb və müvafiq qurumlarla razılaşdırılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-birinə yaxındır.

Sonra komitə sədri Tahir Mirkişili birinci oxunuşda hər iki qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, təklif olunan layihələr Milli Məclisin komitələri tərəfindən hazırlanıb, geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. Qanun layihələri hərrac baş tutmadığı halda ipoteka kreditində olan girovun kredit verən təşkilatın əmlakına keçdiyi zaman hansı sənədin verilməsini və yaranan verginin kimin ödəməsi ilə bağlı məsələyə aydınlıq gətirir. Qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən araşdırılıb, bununla bağlı xüsusi işçi qrupu yaradılıb.

Məlumat verilib ki, təklif olunan dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

Qeyd edilib ki, dəyişikliklər bazarda münasibətlərin daha da sağlamlaşması, ədalətli tənzimləmənin səviyyəsinin daha da artırılması, bank sektorunun sağlamlaşması istiqamətində ölkədə aparılan islahatlara dəstək və eyni zamanda, kredit faizlərinin aşağı salınması, kreditin dəyərinin uzlaşması baxımından əhəmiyyətlidir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyinin müsbət olduğunu bildirib.

Komitə sədri Tahir Rzayev, deputatlardan Əli Məsimli, Aydın Hüseynov, Etibar Əliyev dəyişikliklər barədə fikirlərini və təkliflərini səsləndiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda daha sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.

Bildirilib ki, qanun layihəsi “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanına əsasən hazırlanıb. Təklif olunan dəyişiklik heyvanların dövlət sifarişi ilə planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyənləşdirilməsinə hüquqi əsas yaradacaq. Belə ki, özəl baytarlıq subyektləri tərəfindən heyvanların peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinin haqları müəyyən edilməlidir ki, bunun əsasında da onlarla müqavilələr bağlanıla bilsin və həmin vəsait onlara ödənilsin. Qanun layihəsinin qəbul olunması heyvan sağlamlığının qorunmasına və xəstəliklərin qarşısının alınmasına, eyni zamanda, baytarlıq sahəsində özəl sektorun inkişafının dəstəklənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.