SİYASƏT


Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 28 oktyabr, Aidə Quluzadə, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəliyi təqdim edib.

Gündəlik təsdiq edildikdən sonra cari məsələlər müzakirə olunub.

Deputatlar ermənilərin girov götürdükləri azərbaycanlıların ötən gün Dağlıq Qarabağda keçirilən qondarma “məhkəməsi”nə münasibət bildiriblər. Girov götürülən həmvətənlərimizə ağır işgəncələr verildiyi diqqətə çatdırılaraq bildirilib ki, bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinə müraciət edilməli, beynəlxalq təşkilatlar qarşısında tələb qaldırılmalıdır.

Müzakirələrdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin baş verən hadisələrə reaksiya verməməsi də diqqət mərkəzində saxlanılıb. Vurğulanıb ki, həmsədr ölkələr dünyada baş verən proseslərə qısa vaxt ərzində fikir bildirsələr də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində bu, özünü göstərmir.

Beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşması da iclasda əsas müzakirə mövzusu olub.

Oqtay Əsədov ölkəmizə ikili standartlarla yanaşmanın əsas səbəbinin Azərbaycanın sürətlə inkişaf etməsi və müstəqil siyasət aparması ilə bağlı olduğunu deyib. Bu, bəzi dairələrin xoşuna gəlmir. Məhz bu səbəbdən Azərbaycana ikili standartlarla yanaşılır.

Müzakirələr zamanı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə bu təhsil ocağının elmi şurasının iclasında söylədiyi fikirlərə də münasibət bildirilib. Qeyd olunub ki, cəmiyyətdə geniş əks-səda doğuran bu çıxış hər bir Azərbaycan vətəndaşının mövqeyini ifadə edir.

Daha sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb.

İclasda Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında qanun layihəsi təsdiqlənib. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklik edilib. Məmmədova Gülçöhrə Hüseyn qızı Azərbaycan-Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri seçilib.

Sonra “İnzibati icraat haqqında”, “Polis haqqında” , “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında”, Yeyinti məhsulları haqqında”, “Balıqçılıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Qrant haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Taxıl haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunaraq təsdiq edilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət–Prosessual, İnzibati Xətalar, Gömrük məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul olunub.

Deputatlar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər olunması barədə qanun layihəsini də təsdiqləyiblər.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.