SİYASƏT


Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 6 mart, Əsəd Məmmədov, AZƏRTAC

Martın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, sədr Oqtay Əsədov iclası açaraq bütün qadınları, o cümlədən parlamentin xanım deputatlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Sonra iclasın gündəliyi təsdiqlənib.

Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilib.

Ombudsman Elmira Süleymanova bildirib ki, ötən il ölkəmizdə sosial-iqtisadi layihələr, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə çatmağa xidmət edən tədbirlər davam etdirilib.

Qeyd edilib ki, 2014-cü ildə müvəkkilə 13 min 150 müraciət daxil olub. Bu müraciətlərin böyük əksəriyyəti təmin edilib. Müvəkkil fəaliyyəti dövründə dövlət qurumlarına 500-ə yaxın təkliflər verib. Bunların isə 60 faizi təmin edilib.

Bildirilib ki, ötən il sosial təminat hüququ ilə bağlı 1.108 müraciət daxil olub. Pensiyanın təmin edilməsi zamanı və hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılıb və həllini tapıb.

Sonra iclasda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələ təsdiqlənib.

“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri qəbul edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişin məqsədi Azərbaycan və Norveç vətəndaşlarına 180 gün ərzində 90 gündən çox olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılıqlılıq prinsipi əsasında sadələşdirməkdir.

Vurğulanıb ki, Saziş 13 maddədən ibarətdir. Diplomatik pasportlara malik olan hər iki ölkənin vətəndaşları Azərbaycan və Norveç ərazilərinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.

İclasda Su, Torpaq, Cinayət, İnzibati Xətalar məcəllələrində, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, ”Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dərman vasitələri haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edilib.

Deputatlar, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq ediblər.

Milli Məclisdə “Vətəndaşların müraciətləri haqqında” Qanun birinci oxunuşda qəbul edilib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Müzakirələr zamanı deputatlar qanun layihəsinin qəbulunun vacibliyini bildirib, bir sıra təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.