SİYASƏT


Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 6 mart, Əsəd Məmmədov, AZƏRTAC

Martın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, sədr Oqtay Əsədov iclası açaraq bütün qadınları, o cümlədən parlamentin xanım deputatlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Sonra iclasın gündəliyi təsdiqlənib.

Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2014-cü il üzrə illik məruzəsi dinlənilib.

Məruzədə müvəkkilin vətəndaşların mülki və siyasi, iqtisadi və sosial hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirlər, elmi-analitik sahədə fəaliyyət, ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə əlaqələr, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr öz əksini tapıb.

Ombudsman bildirib ki, ötən il ölkəmizdə sosial-iqtisadi layihələr, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə çatmağa xidmət edən tədbirlər davam etdirilib.

Elmira Süleymanova deyib ki, ötən il də müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Keçən il də ölkə həyatının bütün sahələrində ardıcıl olaraq həyata keçirilən və sosial rifahın getdikcə daha da yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində, etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb edib.

Qeyd edilib ki, 2014-cü ildə müvəkkilə 13 min 150 müraciət daxil olub. Bu müraciətlərin böyük əksəriyyəti təmin edilib. Müvəkkil fəaliyyəti dövründə dövlət qurumlarına 500-ə yaxın təklif verib. Bunların isə 60 faizi təmin edilib.

Müvəkkil deyib: “Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin dəyərləndirilməsi, müzakirələrin, əhali ilə görüşlərin və qəbulların keçirilməsi, hüquqi maarifləndirmə işi davam etdirilib”.

Bildirilib ki, ötən il sosial təminat hüququ ilə bağlı 1.108 müraciət daxil olub. Pensiyanın təmin edilməsi zamanı və hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılıb və həllini tapıb.

Məruzə ilə bağlı çıxış edən deputatlar hesabatın əhatəli hazırlandığını, ötən müddətdə bu institutun vətəndaşların etimadını qazandığını söyləyiblər. Çıxışlarda ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində qəbul olunan qanunların, beynəlxalq konvensiyaların insan haqlarının bəşəri dəyərlər səviyyəsinə qaldırılmasına şərait yaratdığı vurğulanıb. Bu sahədə uğurlu islahatların həyata keçirildiyi qeyd edilib.

Müzakirələrdən sonra illik məruzə nəzərə alınıb.

Sonra iclasda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələ təsdiqlənib.

“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri qəbul edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişin məqsədi Azərbaycan və Norveç vətəndaşlarına 180 gün ərzində 90 gündən çox olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılıqlılıq prinsipi əsasında sadələşdirməkdir.

Vurğulanıb ki, Saziş 13 maddədən ibarətdir. Diplomatik pasportlara malik olan hər iki ölkənin vətəndaşları Azərbaycan və Norveç ərazilərinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.

İclasda Su, Torpaq, Cinayət, İnzibati Xətalar məcəllələrində, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dərman vasitələri haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edilib.

Deputatlar, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq ediblər.

Milli Məclisdə “Vətəndaşların müraciətləri haqqında” Qanun birinci oxunuşda qəbul edilib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Bildirildi ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” mövcud qanun 1997-ci ildə qəbul olunub. Konstitusiyanın tələbindən irəli gələn həmin sənədin qəbulundan sonra ölkədə xeyli iş görülüb. Yerli və mərkəzi orqanlar əhalini narahat edən məsələlərdən xəbərdar olub və bu məsələlərin həlli istiqamətində ciddi addımlar atılıb.

Müzakirələr zamanı deputatlar qanun layihəsinin qəbulunun vacibliyini bildirib, bir sıra təkliflərini səsləndiriblər. Deputatlar bildiriblər ki, bu gün ölkədə gedən sürətli proseslər vətəndaşla dövlət arasında daha səmərəli münasibətlərin yaranması üçün yeni qanun layihəsinin hazırlanaraq qəbulunu zəruri edib. Yeni sənədin əhatə dairəsi mövcud qanundan xeyli genişdir. Burada vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirən 10-dan çox müraciət forması var. 18 il əvvəl qəbul edilən və hazırda qüvvədə olan qanunda vətəndaşların 3 rəsmi müraciət – təklif, ərizə və şikayət forması var. On yeddi maddədən ibarət layihədə vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müraciətlərə baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydası və digər məsələlər əksini tapır. Hər bir maddədə vətəndaşların konstitusion hüquqlarının qorunması tələb olunur.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.