SİYASƏT


Milli Məclisin növbəti plenar iclasında 30 məsələyə baxılıb

Bakı, 16 dekabr, Əsəd Məmmədov, AZƏRTAC

Dekabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib.

Gündəlik təsdiq edildikdən sonra cari məsələlər ətrafında müzakirələr aparılıb.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında”, “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair”, “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişlərin, Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin Bəyanatının, Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihələri təsdiqlənib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş iki ölkə arasında sərmayələrin qorunması və təşviqinə, sərmayə axınına təkan verəcək, qarşılıqlı faydalı iqtisadi-ticarət və elmi-texniki əlaqələrin inkişafına, həmçinin hər iki dövlətdə işgüzar təşəbbüslərin yaranmasına imkan yaradacaq.

Vurğulanıb ki, “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişdə əməkdaşlığın prinsipləri, forma və məzmunu ətraflı olaraq əksini tapıb.

İclasda, həmçinin “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya düzəlişlər edilməsi haqqında” Protokolun və Azərbaycan Respublikasının ona dair Bəyanatının təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub.

Deputatlar Su, Ticarət Gəmiçiliyi, Miqrasiya, İnzibati Xətalar məcəllələrində, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dərman vasitələri haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişikliklər edilməsinə dair qanun layihələrinə də baxılıb.

Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 83-cü maddəsində edilən dəyişikliyə görə yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda edilən dəyişikliklərin isə KİV sahəsində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədini daşıdığı bildirilib. Dəyişikliklərə görə, əvvəl təsis edilmiş digər mətbu nəşrlə oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Bu məqsədlə qanuna “oxşar ad” anlayışı daxil edilir. Qanunun 19-cu maddəsində edilən dəyişikliyə görə isə kütləvi informasiya vasitələrinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda və kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırıla bilər.

Müzakirələr zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, KİV sahəsində məsuliyyətin artırılması digər sahələrə nisbətən daha vacibdir. Çünki bir söz bütün cəmiyyəti yerindən oynada bilir. Eyni zamanda, bir söz ordunu döyüşə ruhlandıra bilər. Biz söz həm də kütləni tamamilə ruhdan sala bilər. Ona görə də hər sözün məsuliyyətini daşımaq hər bir fərdin mənəvi və hüquqi borcudur. Bu məsuliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil.

Bahar Muradova qeyd edib ki, hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır. Bunu təkrar etməməlidir. Əgər nəticə çıxarmayıb buna daha artıq yol verirsə, ona cəmiyyətdə yeri göstərilməlidir. Biz hüquqi cəmiyyət qururuq, qanunun aliliyi prinsipini qorumağa çalışırıq. Dövlətimizin milli mənəvi dəyərlərini, maraqlarını ayaqlar altına atan insanların maraqları müdafiə edilməməlidir.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər həqiqi mənada məsuliyyətin daha da ciddiləşməsi, konturların daha aydın olması və cəmiyyətdə qanunun aliliyi prinsipinin daha ciddi tətbiqinə aparan yollar açır. Dəyişikliklər mütərəqqidir və mütləq şəkildə qəbul edilməlidir.

Deputatlar qeyd ediblər ki, dərman vasitələrinin qiymətləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərə uyğun olaraq “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi ilə bağlı məsələləri nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.