CƏMİYYƏT


Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin 2018-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə hesabat dinlənilib.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, hesabat dövründə 3 iclas keçirilib, 4 məsələ müzakirə edilib. Bunlardan da biri qanun layihəsi olub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim edilib, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasına uyğun olaraq demokratik quruluşun əsaslarından biri olan yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə mühüm tədbirlər görülüb, bir sıra normativ hüquqi aktlar qəbul edilib. Hesabat dövründə komitənin ünvanına daxil olan 159 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.

A.Rəhimzadə komitənin 2018-ci ilin payız sessiyası üçün iş planından danışarkən bəzi qanunlara əlavə və dəyişikliklərin ediləcəyini deyib.

Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.

Əvvəlcə “Bələdiyyələrin status haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə sənədin 4-cü maddəsinə bəzi dəyişikliklər edilməsi təklif olunur.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda edilən dəyişikliyə əsasən sənədin 8-ci maddəsinin 2-ci bəndinin üçüncü abzasında “Bələdiyyələrin ərazisində” sözləri “Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində” sözləri ilə əvəz ediləcək.

“Reklam haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 17 noyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar “Yerli (bələdiyyə” vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlarda bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.