SİYASƏT
Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2015-ci ilin yaz sessiyası dövründə komitədə görülən işlərin hesabatı verilib.
Komitə sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, hesabat dövründə 6 iclas keçirilib, 10 məsələ müzakirə edilib ki, bunlardan da 8-i qanun layihəsi olub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub, bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilib. A. Rəhimzadə komitənin 2015-ci ilin payız sessiyası üçün iş planından danışarkən bəzi qanunlara əlavə və dəyişikliklərin ediləcəyini deyib.
Milli Məclisin deputatları komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.
İclasda “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsi”, “Torpaq islahatı”, Torpaq bazarı” haqqında qanunlara, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə təklif olunan dəyişikliklərə də baxılıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə də etirazlarını bildiriblər. Qeyd olunub ki, Avropa Parlamentinin bir qrup deputatının təşəbbüsü ilə irəli sürülən bu əsassız qətnamə reallıqdan tamamilə uzaqdır. Bu qərəzli sənəd qarşılıqlı əməkdaşlığın, səmimi münasibətlərin ruhuna da ziddir.