SİYASƏT


Milli Məclisin sədri 27 sentyabr - Anım Günü ilə bağlı Qazaxıstanda keçirilən mərasimdə iştirak edib VİDEO

Türküstan, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türküstan şəhərinin “Farab Library” kitabxanasında 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali bildirib ki, bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Darxan Kıdırali Azərbaycanın Şuşa şəhərinə səfərini xatırlayaraq bu gözəl şəhərin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı rolundan danışıb.

Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Sədr deyib ki, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində qəhrəman Azərbaycan əsgərləri öz canları, qanları bahasına torpaqlarımızı işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək onu kapitulyasiya aktını imzalamağa məcbur edib. Sahibə Qafarova bildirib ki, Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim yaşadır və qəhrəman övladlarımızın adları dövlətçilik tariximizə əbədi həkk olunub.

Milli Məclisin sədri vurğulayıb ki, artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpasına başlayıb. Sədr bildirib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.

Sədr Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsinə mane olduğunu, hələ də təxribatçı əməllərindən əl çəkmədiyini diqqətə çatdırıb.

Tədbirin sonunda Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsi təqdim olunub.

Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Türküstan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.