SİYASƏT
Milli Məclisin sədri: Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır
Bakı, 13 noyabr, AZƏRTAC
Bu günlərdə Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Sədr deyib ki, Müzəffər Ali Baş Komandanın möhkəm iradəsi və Ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. “Təəssüf ki, müharibə itkisiz olmur və biz də itkilər verdik. Xahiş edirəm şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin”, - deyə sədr bildirib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Prezidentinə təzyiqlər olmasına baxmayaraq, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gərdi. Hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik. Eşq olsun Prezident İlham Əliyevə, eşq olsun müzəffər ordumuza, yaşasın Azərbaycan xalqı!