SİYASƏT
Avrasiya Qadınlar Forumunda Azərbaycanda qadın siyasəti sahəsində görülən işlərdən danışılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir. Oktyabrın 14-də Forumun açılış mərasimi keçirilib. Mərasimə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də qatılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Sonra Forum müxtəlif mövzularda sessiyalarda işini davam etdirib. Sessiyalarda Milli Məclisin komitə sədri Hicran Hüseynova “Sosial dəyişikliklər – 2030. İnklüziv davamlı inkişafa nail olunmasında qadınların missiyası”, deputatlardan Pərvin Kərimzadə “Qadın alimlər müasir dövrün qlobal çağırışları qarşısında”, Sevinc Fətəliyeva “Qadınların missiyası: sağlam bu günümüz və gələcəyimiz uğrunda”, Ülviyyə Həmzəyeva “Dünya pandemiya dövründə və ondan sonra. Buna hazırlığımız”, Fatma Yıldırım isə “Qadınların sülh diplomatiyasının və etimadın inkişafındakı missiyası” mövzularında məruzə ilə çıxışlar ediblər.
Deputatlarımız çıxışlarında Azərbaycanda qadın siyasəti sahəsində görülən işlər, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində iştirakı, onların siyasi həyatda təmsilçiliyi və digər məsələlər barədə fikirlərini bölüşüb, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildiriblər.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində oktyabrın 13-də Üçüncü Avrasiya Qadın Forumunun plenar sessiyasında çıxış edərək ölkəmizdə həyata keçirilən qadın siyasəti, dünyada qadınların artan rolu barədə məlumat verib. Səfər çərçivəsində Sahibə Qafarova, həmçinin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, həmçinin BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə də görüşüb.