CƏMİYYƏT


Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Milli Məclisin səhiyyə komitəsində “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə dair dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov dünyada transplantasiyanın son 50 ildə inkişaf etməyə başladığını deyib. Bildirib ki, hər il dünyada 120 mindən çox orqan transplantasiya olunur. Amma planetdə yaşayan insanların orqan transplantasiyasına tələbatı bundan dəfələrlə çoxdur.

Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyası sahəsində dünyanın müxtəlif regionları arasında da ciddi fərqlər var. Avropada hər il 1 milyon nəfərə təxminən 40, MDB məkanında isə 1 milyon nəfərə 4-9 transplantasiya düşür. Azərbaycanda orqan transplantasiyasının yetərli səviyyədə aparılmamasının səbəbi donorların, lazımi sayda orqanların olmamasıdır. Digər tərəfdən “Orqan və toxuma transplantasiyası haqqında” mövcud qanun bugünkü tələblərlə ayaqlaşmır. Ona görə də belə qərara gəldik ki, orqan transplantasiyası haqqında yeni mükəmməl bir qanun hazırlayaq. Təxminən bir il əvvəl parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi altında işçi qrupu yaradılıb, layihə hazırlanıb. Bu dinləmələrdə irəli sürülən təkliflər nəzərə alınaraq, layihəyə dəyişikliklər də edilə bilər. Bugünkü dinləmələrdə Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri iştirak edir.

Səhiyyə komitəsinin sədr müavini, işçi qrupunun rəhbəri Musa Quliyev bildirib ki, yeni qanun layihəsi hazırlanarkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və bir sıra ölkələrin təcrübəsi nəzərə alınıb. Qanun layihəsində qohum olmayan şəxslərin də donor olmasına icazə verilməsi əksini tapıb.

Musa Quliyev diqqətə çatdırıb ki, şəxs sağlığında razılıq veribsə, beyin ölümü keçirən zaman orqanlarından transplantasiya məqsədilə istifadə edilə bilər. Əgər belə razılıq verməyibsə, orqanlarından transplantasiya məqsədilə istifadə edilib-edilməməsi barədə vəsiyyəti yoxdursa, bu halda yaxınlıqdakı doğma bir şəxsin razılığı kifayət edə bilər. Bütün övladlarının razılığının alınması kimi təkliflər də vardı, ancaq bunu məqbul saymırıq. Layihəyə əsasən insan orqanlarının alqı-satqısı və reklamı qadağandır.

Səhiyyə komitəsinin sədr müavini Azərbaycanda xüsusən gənc insanların qəfil ölümü zamanı orqanlarının götürülməsinə yanaşmanın müsbət qarşılanmadığını söyləyib. Bildirib ki, ona görə bu sahədə QHT-lər tərəfindən də maarifləndirmə işləri aparılmalıdır.

Dinləmələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Rəşad Mahmudov, Kamilə Əliyeva, Rafiq Məmmədhəsənov, müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini bildiriblər.

Sonra səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirib, məqbul təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.

Dinləmələrə yekun vuran səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirin çox faydalı olduğunu qeyd edib. Bildirib ki, burada səsləndirilmiş təkliflər əsasında qanun layihəsi üzərində iş davam etdiriləcək və komitənin növbəti iclaslarından birində layihə yenidən müzakirəyə çıxarılacaq.

Bununla da Milli Məclisin səhiyyə komitəsində “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə dair dinləmələr başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.