SİYASƏT
Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib
AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyə daxil edilən məsələlər barədə məlumat verib. H.Rəcəbli bildirib ki, komitədə “Ailə həkimi”, “Gənc ailənin sosial müdafiəsi”, “Sosial ipoteka”, “Uşaqların istirahəti”, “Pasientin hüquqları” haqqında və daha bir neçə yeni qanun layihəsi hazırlanır. Bu qanun layihələri ilə bağlı işlərin 70 faizi başa çatıb. Lakin qanun layihələri komitədə müzakirəyə çıxarılmazdan əvvəl cəmiyyət həmin sənədləri qəbul etməyə hazır olmalıdır.
İclasda çıxış edən deputatlar bunun üçün yerlərdə ictimai dinləmələrin, vətəndaşlarla görüşlərin, mətbuat üçün brifinqlərin keçirilməsini təklif ediblər. Qeyd olunub ki, sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsi və daha da möhkəmləndirilməsi üçün təkliflərin öyrənilməsi işin gedişatı üçün faydalı olacaq.
Komitə sədri idman zorakılığının qarşısının alınması, turist bələdçiləri, eynəklər və linzalar barədə qanun layihələrinin hazırlanması məsələlərinin də gündəmdə olduğunu bildirib.
İclasda “Sosial sığorta”, “Həmkarlar ittifaqları”, “Turizm”, “Məşğulluq”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə” haqqında və daha bir neçə qanuna təklif olunan dəyişikliklər müzakirə edilib və Milli Məclisin plenar iclasına tövsiyə olunub.