SİYASƏT


Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin 2014-cü ilin may ayında Bakıda imzalandığını xatırladıb. Bildirilib ki, Saziş 14 maddədən ibarətdir. Burada məxfi materialların qorunması, müqavilələr, təhlükəsizlik qaydaları, müvafiq sahədə əməkdaşlıq və digər bu kimi məsələlər əksini tapıb. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, Saziş tərəflər, yaxud onların milli qanunvericiliklərinə tabe olan dövlət və ya özəl müəssisələr arasında bütün məxfi məlumatın mübadiləsini tənzimləyir.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları qanun layihəsinin önəmindən danışıblar. Onlar Azərbaycanın bundan əvvəl də bir neçə ölkə ilə belə Saziş imzaladığını, bu cür əməkdaşlığın ölkəmizin artan nüfuzunun və uğurlu xarici siyasətinin göstəricisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, dövlətimizin milli maraqlarına tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.