CƏMİYYƏT
Milli Mətbuat Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş olub VİDEO
Bakı, 21 iyul, Xəyalə Məmmədova, AZƏRTAC
Milli Mətbuat Günü münasibətilə iyulun 21-də Qaradağ Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov milli mətbuatımızın yaranmasından 143 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini təbrik edib. Qeyd edib ki, 143 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib.
İcra hakimiyyətinin başçısı mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində aradan qaldırıldığını, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun qəbul edildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Milli Məclisin deputatı Aydın Hüseynov isə vurğulayıb ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönələn siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlətimizin başçısının Sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.