CƏMİYYƏT
Milli Mətbuat Günü münasibətilə jurnalistlərə hədiyyələr təqdim olunub
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində Fitoterapevtlər Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Fitoterapevtlər mətbuatın dostudur” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə ölkəmizin müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalistlər iştirak ediblər.
Fitoterapevtlər Cəmiyyəti İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova ötən ilin sentyabrında yaradılmış qurum və onun gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib. Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva və millixəbər.az saytının rəhbəri Zamiq Zeynalov Azərbaycan mətbuatının beşiyi başında dayanan Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin tibbi maarifçilik fəaliyyəti, sağlam qidalanma və gigiyenik tələblərlə bağlı verdiyi məsləhətlər, eləcə də qəzetin həmin məsələlərlə əlaqədar gördüyü faydalı işlər barədə danışıblar.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, “Azərbaycan Qadınları Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış edərək jurnalistləri peşə bayramları münasibətilə təbrik ediblər.
Sonra tədbirdə iştirak edən jurnalistlərə bayram hədiyyələri təqdim edilib.