REGİONLAR


Milli Musiqi Günü: Naxçıvan Dövlət Universitetində Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Naxçıvan, 18 sentyabr, AZƏRTAC

Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu məsələdə musiqi təhsili xüsusi yer tutur.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmuş onlayn konsertdən əvvəl çıxış edənlər bu barədə danışıblar.

Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova bildirib ki, 18 sentyabr tarixi Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Musiqi Günü kimi qeyd olunur.

Onlayn konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası, “Sənsiz”, “Cəngi” əsərləri səsləndirilib. Konserti fakültənin “Buta” instrumental ansamblı, fortepianoda isə Ülvi Əhmədov və Səxavət Rəhimov müşayiət ediblər.

Xalq mahnısı “Sarı gəlin” və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri konsertə xoş ovqat bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.