MƏDƏNİYYƏT


Milli Musiqi Gününə həsr olunmuş yeni videoçarx

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində olan Bakı Kamera Orkestri, Bakı Uşaq və Gənclər Teatrının iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş yeni videoçarx təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx “Light in Black” şirkəti tərəfindən çəkilib.

Videoçarxda dahi bəstəkarın “Arazbarı” əsərinin sədaları altında xalqımız bu bayram münasibətilə təbrik edilir.

Üzeyir bəyin “Şur” muğamının bir hissəsi olan və kamera orkestri üçün işlənmiş “Arazbarı” əsəri insanı qəribə bir aləmə, dünənlə bu günün və gələcəyin kəsişməsində ortaq bir nöqtədən arzularımızın dil açdığı, ümidlərimizin yola çıxdığı bir məqama yüksəldir. Dahi bəstəkarın keşməkeşli dövrdə milli musiqi irsimizin qorunub saxlanılmasına yönələn addımları ilə başlanan klip, “Arazbarı” ruhu ilə gah enib, gah yüksələn xətlə davam edir. Müasirliklə milliliyi özündə birləşdirən Balaxanı qəsəbəsinin ensiz, daşlı-kəsəkli küçələri də sanki keçdiyimiz yolu bir qədər də bədiiləşdirir.

Üzeyir Hacıbəyli yaradıcılığına xas, folklorumuzdan irəli gələn nikbinlik, ruh yüksəkliyi ilə dolu musiqi isə qəlblərə inam gətirir və klip bəstəkarın ucsuz-bucaqsız səmaya, Tanrıya yönələn baxışları, ahəstə, eyni zamanda, torpaqdan güc alan addımları ilə bitir.

Qısa zamana sığan, rəmzlərlə dolu videoçarx isə milli mədəni irsimizin bir hissəsi olan musiqimizin ölməz klassikinin ruhuna ehtiramımızın ifadəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.