İQTİSADİYYAT


“Milli Net 2014” internet mükafatı üzrə müsabiqə başlayır

Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 25-dən Azərbaycan İnternet Forumunun “Milli Net 2014” internet mükafatı üzrə müsabiqəyə başlanılır.

Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqə internetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarını üzə çıxarmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək məqsədi daşıyır. İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz internet resurslarını və layihələrini təqdim edə bilərlər. Qeydiyyat noyabrın 25-də başa çatacaq.

Milli internet resurslarının builki yarışmasına yeni nominasiyalar – “Qarabağ haqqında saytlar” və “Mobil tətbiqlər” daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” adlandırılıb. On dörd nominasiya üzrə keçiriləcək müsabiqədə korporativ, ictimai-sosial, media və informasiya, mədəniyyət, incəsənət və turizm, eyni zamanda, elm və təhsil, elektron-hökumət və digər sahələr üzrə saytlar iştirak edəcək.

Dekabrın 15–dək davam edəcək qiymətləndirmə prosesi münsiflər heyəti tərəfindən aparılacaq və nəticələr www.millinet.az saytında yerləşdiriləcək. Qaliblərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı, diplomlar və qiymətli hədiyyələr veriləcək. Təqdimat mərasimi dekabrın sonlarında keçiriləcək.

Müsabiqəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” və “Delta Telekom” şirkətləri dəstək verirlər.

Ətraflı məlumat www.millinet.az saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.