İQTİSADİYYAT
Milli Nüvə Tədqiqatları Mərkəzinin strukturu, elmi tədqiqat və texnoloji fəaliyyət üzrə istiqamətləri hazırlanıb
Bakı, 10 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabelində yaradılan “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnaməsi, fəaliyyət sahələri, lazımi avadanlıq və cihazların siyahısı hazırlanıb. Mərkəzin strukturu, elmi tədqiqat və texnoloji fəaliyyət üzrə istiqamətlər işlənib.
Bu barədə AZƏRTAC-a QSC-nin sədri Adil Qəribov məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il mayın 8-də nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurəti nəzərə alınaraq yaradıldığı bildirilir.