CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının IV Konfransı keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
Mayın 31-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının IV Konfransı keçiriləcək.
Tədbir Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunacaq.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi vitreoretinal cərrahiyyədə baş verən yenilikləri araşdırmaq, yeni müalicə üsullarını müzakirə etməkdən və təkliflər verməkdən ibarətdir.
Konfransda “Miopik retinoşizis olan xəstələrin lazer müalicəsinin uzaq nəticələri”, “Multifokal elektroretinoqrafiya diabetik makulyar ödemlərdə: görmə itiliyi və optik koherent tomoqrafiya ilə korrelyasiya”, “2 tip şəkərli diabet xəstələrdə katarakta cərrahiyyəsindən sonra tor qişanın mərkəzi qalınlığının dinamikası”, “Görmə sinirinin işemik xəstəliklərinin neyroprotektiv terapiyasında antioksidant preparat”, “Vitreoretinal cərrahiyyə zamanı retinektomiya aparılmış gözlərdə gözdaxili təzyiqin dinamikası” kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəz mütəmadi olaraq elmi, praktiki və beynəlxalq konfranslar təşkil edir.