CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzində zəif görənlər bölməsi fəaliyyət göstərəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər (low vision) şöbəsinin təqdimatı olacaq.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu xidmət ölkədə ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradılıb.
Bir çox göz xəstəliklərinin müalicə olunmasına baxmayaraq, əldə olunan nəticə qənaətbəxş olmur. Xəstələr oxumaqda, televiziya izləməkdə əziyyət çəkir, sosial, məişət həyatda əvvəlki kimi aktiv ola bilmirlər. Bəzi insanlar bununla qane olaraq keyfiyyətsiz həyat keçirirlər. Belə xəstələr üçün Azərbaycanda ilk dəfə yaradılmış, son texnologiya ilə təchiz olunmuş, yüksək elmi potensiala malik zəif görənlər bölməsi fəaliyyətə başlayıb. Bölmədə hər bir xəstəyə fərdi yanaşılır. Onların gündəlik həyat fəaliyyətlərinin yaxşılaşdırılması üçün son texnologiya olan cihazlar seçilir və təyin edilir. Təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti və burada görüləcək işlər, eləcə də aparılacaq fərqli və müasir müalicə üsullarında istifadə olunacaq cihazlarla cəmiyyəti tanış etməkdir.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Gəncə və Masallı filialları da ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı 2017-ci ildən Mərkəzin Səyyar Qatarı da fəaliyyətə başlayıb.