CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Şəkidə keçirəcək
Bakı, 16 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını aprelin 17-18-də Şəki şəhərində keçirəcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi Şəki şəhəri sakinlərini operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.
Qeyd edək ki, hazırda dünyada 300 milyon nəfər müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.