REGİONLAR
Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək
Bakı, 19 may, AZƏRTAC
Mayın 20-də Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkim heyəti Lənkəran Dövlət Universitetində tibbi aksiya keçirəcək.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində filialın həkimləri Lənkəran Dövlət Universitetində tələbələrə və müəllim heyətinə tibbi xidmət göstərəcək. Məqsəd pasiyentlərin səhhəti ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.
Qeyd edək ki, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Mərkəzin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Mərkəzin Dəmiryolu Səyyar Klinikası də fəaliyyətə başlayıb.