CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirib
Bakı, 19 oktyabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası mütəmadi olaraq Bakıda və ölkəmizin müxtəlif regionlarında səyyar xidmət göstərir.
Oktyabrın 18 və 19-da mərkəzin Avtomobil Səyyar Klinikası ADA Universitetində oftalmoloji tibbi aksiya keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən aksiya zamanı Səyyar Klinikanın əməkdaşları tərəfindən ADA Universitetinin 400-ə yaxın tələbə və müəlliminə tibbi xidmət göstərilib.
Tədbirin məqsədi pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Aksiya çərçivəsində aşkar olunan göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılıb, problemin həlli yolları müzakirə olunub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.
Qeyd edək ki, 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən etibarən isə klinika tərəfindən Azərbaycanın bir çox ali və orta təhsil ocaqlarında mütəmadi olaraq oftalmoloji müayinələr aparılır. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.