CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası daha bir aksiyanı yekunlaşdırıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) keçirilən humanitar aksiya başa çatıb. Tədbir zamanı aeroportun 225 əməkdaşı müayinə olunub.
Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə aksiya çərçivəsində aşkarlana problemlərin əksəriyyətini refraksiya patologiyaları təşkil edib.
Mərkəz tərəfindən mütəmadi olaraq keçirilən və artıq ənənə halı almış bu tədbirlərin əsas məqsədi əhali arasında göz xəstəlikləri ilə bağlı operativ monitorinqlər keçirmək, əldə edilən nəticələrin həlli istiqamətində müzakirələr aparmaq, eyni zamanda, cərrahi əməliyyatlar icra etməkdir.
Qeyd edək ki, mərkəz tərəfindən keçirilən bu aksiyalar ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.
2005-ci ildən başlayaraq mərkəzin Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə oftalmoloji xidmət göstərir. Bu günə qədər Səyyar Klinika tərəfindən 3 mindən çox cərrahi əməliyyat və 30 minə yaxın müayinə və müalicə işləri icra olunub.
Mərkəzin əsas layihələrindən olan Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.