CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin həkimləri Gözdən Əlillər Cəmiyyətinin üzvlərinə tibbi xidmət göstərəcək
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 15-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Azərbaycan Gözdən Əlillər Cəmiyyətində maarifləndirici seminar və tibbi aksiya keçirəcək. Mərkəzin həkim heyəti Gözdən Əlillər Cəmiyyətinin üzvlərinə tibbi xidmət göstərəcək. Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, aksiyada məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etməkdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Seminarın keçirilməsi isə gözlə bağlı yarana biləcək problemlərin qarşısının alınmasına yardımçı olmaq məqsədi daşıyır. Çünki profilaktik tədbirlər korluğun və bəzi göz xəstəliklərinin əvvəlcədən qarşısının alınmasına kömək olur.
Dünyada, ən azı 2,2 milyard insanın görmə qabiliyyətində pozulmalar var. Onlardan ən azı 1 milyardının qarşısı alına və ya həll oluna biləndir. 40 milyondan çox insan isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Görmə məhdudiyyəti olan insanların əksəriyyəti 50 yaşdan yuxarıdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının paytaxtda və respublikanın digər rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır. Bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. 2005-ci ildən Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib. Mərkəzin Səyyar Klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, 2018-ci ildən etibarən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Hazırda dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş bir sıra tədbirlər həyata keçirilir. Bu aksiya da həmin tədbirlər çərçivəsində reallaşdırılır.