İDMAN


Milli Olimpiya Komitəsi “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi təşkil edib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Çinin Azərbaycandakı səfiri xanım Qo Min, Olimpiya çempionları və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxışında bildirib ki, Azərbaycan “Pekin-2022”də fərdi fiqurlu konkisürmə idman növündə iki idmançı ilə təmsil olunacaq. Dördilliyin zirvə yarışında idmançılarımızdan Yekaterina Ryabova və Vladimir Litvintsev mübarizə aparacaqlar. “Pxençan-2018” Qış Olimpiya Oyunlarında ölkəmiz cəmi bir idmançı ilə dağ xizəyi yarışında təmsil olunmuşdu. Fevralın 4-20-də keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti 10 nəfərdən artıq olacaq.

Ç.Hüseynzadə “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarının adını da açıqlayıb. O, bayraqdarın Vladimir Litvintsev olacağını bildirib. MOK rəsmisi həm təşkilatçılara, həm də iştirakçılara uğurlar və təhlükəsiz yarış arzulayıb.

Sonra Estoniyada keçirilən Avropa çempionatında iştirak etdikləri üçün bu tədbirə qatıla bilməyən Yekaterina Ryabova və Vladimir Litvintsevin videomüraciətləri nümayiş olunub.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min mərasimin yüksək səviyyədə təşkilinə görə MOK rəhbərliyinə təşəkkür edib. “Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir”, - deyən xanım səfir bunun Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olduğunu qeyd edib. Diplomat bildirib: “Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir və atletləriniz beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanırlar”.

“Çin dünyaya möhtəşəm, eksklüziv və qeyri-adi Olimpiya Oyunları bəxş etməyi beynəlxalq ictimaiyyət qarşısında özünə borc bilir”, - deyən Q.Min “Birlikdə birgə gələcək naminə” şüarı altında keçiriləcək Qış Olimpiya Oyunlarında idmançılara və iştirakçılara uğurlar arzulayıb.

MOK-un “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb. Milli-mənəvi dəyərlərimizin rəmzlərini əks etdirən geyim dəstində qış fəslinin ruhu və rəngləri təcəssüm olunub. Geyimləri tanınmış aparıcılar Afaq Gəncəli və Tural Əsədov təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.