ELM VƏ TƏHSİL


Milli Onkologiya Mərkəzi və AMEA-nın Biofizika İnstitutunun birgə laboratoriyası yaradılacaq

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İclasda AMEA-nın müxbir üzvü Arif Məmmədovun “Aviadispetçerlərin psixofizioloji göstəricilərinin tədqiqi və korreksiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzə ilə bağlı müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.

Tədbirdə bölmənin elmi müəssisələrində 2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verilib. Bildirilib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 12 nəfər qəbul edilib. Sonra dissertasiya mövzularının adları və elmi rəhbərləri təsdiq edilib, qəbulun nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Ümumi yığıncaqda bölməyə daxil olan elmi müəssisələrin 2019-cu il üzrə elmi-tədqiqat planlarının müzakirəsi aparılıb, müvafiq qərar qəbul edilib. Həmçinin digər qərarla Milli Onkologiya Mərkəzi ilə akademiyanın Biofizika İnstitutunun birgə molekulyar və hüceyrə onkologiyası laboratoriyasının yaradılması ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşlarının “C3 və C4 bitkilərin quraqlıq stressinə fizioloji-biokimyəvi adaptasiyası” monoqrafiyasının nəşri, eləcə də Botanika İnstitutunun “Plant & Fungal Research” elmi jurnalının redaksiya heyətinin təsdiqi haqqında qərarlar qəbul edilib.

Sonra AMEA-nın Rəyasət Heyətinin “Göbələk mənşəli bioloji aktiv maddələr: əsas produsentləri, sintezi, tətbiq sahələri və perspektivləri elmi məruzəsi haqqında”, “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarlarının icrası barədə müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Yığıncaqda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bitki biotexnologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov 70 illik, Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, AMEA-nın professoru Elşad Əhmədov 50 illik yubileyləri ilə əlaqədar BTEB-in fəxri fərmanları ilə təltif olunublar. Həmçinin “Elm günü” ilə əlaqədar BTEB-in elmi müəssisələrinin bir qrup əməkdaşının, 60 illik yubileyi münasibətilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq muzeyinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rəna Mirzəzadənin bölmənin fəxri fərmanı ilə təltif edilməsi qərara alınıb.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.