CƏMİYYƏT
Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün tədbir keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Milli Onkologiya Mərkəzi (MOM) Dünya Xərçənglə Mübarizə Günü münasibətilə bu tibb müəssisəsində müalicə alan 1–17 yaş 40 uşağa mənəvi dəstək və onların əhvalını yaxşılaşdırmaq məqsədilə əyləncəli proqram təşkil edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən MOM-un uşaq onkologiya şöbəsinin müdiri Reymən İsmayılzadə və AQUPDK-nın uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva Dünya Xərçənglə Mübarizə Gününün mahiyyətindən danışıblar. Bildirilib ki, bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, bu xəstəliyin nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. AQUPDK uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər hüquq və imkanların yaradılması, uşaqların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Sonda tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr paylanılıb.