REGİONLAR
Milli Ordumuzun şəhid hərbi qulluqçusu son mənzilə yola salınıb
Sumqayıt, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Cəbhə xəttində son döyüşlər zamanı itkin düşən Sumqayıt şəhər sakini, kiçik gizir Seymur Qulamhüseyn oğlu Baxışovun şəhid olması təsdiqlənib. O, aprelin 20-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 1987–ci ildə Sumqayıtda anadan olan Seymur Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbinin rus bölməsində oxuyub. O, 11 ildir hərbi xidmətdə idi.
Şəhidin cənazəsi vaxtilə yaşadığı binanın qarşısından fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər xiyabanına aparılıb. Orada yaylım atəşi altında son mənzilə yola salınıb. Tabut üzərinə örtülmüş Dövlət Bayrağı əbədi xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.