CƏMİYYƏT


Milli QHT Forumunun İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Azərbaycan Milli QHT Forumunun təşəbbüsü, bir sıra QHT-nin iştirakçılığı ilə yaradılan MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda ilk onlayn konfransı keçirilib. Konfransda bir sıra dövlət qurumlarının, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.

MQF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransı açan Forumun prezidenti Rauf Zeyni Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına çağırışına əsasən ölkədə ictimai nəzarətin genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Prezidentin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması haqqında Fərman imzalaması QHT-lər tərəfindən yüksək qiymətləndirilir.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev bildirib ki, cəmiyyətin bütün sahələrində islahatların həyata keçirildiyi, mühüm iqtisadi dəyişikliklərin baş verdiyi bir dövrdə vətəndaşlarımız üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdən çəkinməməlidirlər. QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır. Bundan başqa, ictimai nəzarət təşkilatları da öz fəaliyyət prinsipini yüksək səviyyədə təşkil etməli, bu prosesə nüfuzlu ziyalıların, ictimai-siyasi xadimlərin, fəal həyat mövqeyi tutan vətəndaşların cəlb olunması ilə müzakirələr təşkil edilməlidir. Keçirilən konfrans bu baxımdan böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombusdman) Səbinə Əliyeva bildirib ki, bu konfrans cəmiyyətimiz üçün olduqca aktual məsələləri əhatə edir. Vurğulanıb ki, Azərbaycan dövləti mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin gücləndirilməsində maraqlıdır. O, həmçinin QHT-lərin bu prosesdə fəaliyyətini dəstəklədiyini qeyd edib.

Digər çıxış edənlər mövcud problemlərə və ictimai nəzarətin təmin olunmasına dair fikirlərini bildiriblər.

Sonda Səbinə Əliyeva və Vüsal Quliyev ictimai nəzarət sahəsində irəli sürdükləri fikirlərə və göstərdikləri fəaliyyətə görə tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.