CƏMİYYƏT
Milli Qəhrəman Akif Əkbərovun xatirəsi anılıb VİDEO
Beyləqan, 11 avqust (AZƏRTAC). Beyləqan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun xatirəsini anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, A. Əkbərovun ailə üzvləri və döyüş dostları, rayon ictimaiyyətinin nümayəndələri, hərbiçilər, müəllim və şagirdlər Milli Qəhrəmanın Beyləqan şəhərindəki mədəniyyət və istirahət parkındakı büstü önünə əklil və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Əkbərov Akif Abbas oğlu 1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbini bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə Beyləqan Rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla rayon polis şöbəsinin bir qrup əməkdaşı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Kəlbəcər rayonundakı “Sarı yer” yaylağına ezam edilib. A. Əkbərov avqustun 12-də erməni hərbi birləşmələrinin hücumunun qarşısını alarkən qəhrəmanlıqla həlak olub. Beyləqan rayonunda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə Əkbərov Akif Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən birinə onun adı verilib.
Mərasimdə çıxış edən hərbiçilər Qarabağın işğal altında qalması ilə barışmayacaqlarını deyərək, hər an şəhidlərimizin qanı ilə suvarılmış o torpaqları azad etməyə hazır olduqlarını bildiriblər.