CƏMİYYƏT
Milli Qəhrəman Çingiz Qurbanov düşmənə göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgəri var
Bakı, 15 fevral, AZƏRTAC
Xudat Sərhəd Dəstəsinin Qusar rayonu ərazisində yerləşən “Həzrə” sərhəd komendantlığında, “Həzrə” və “Kirik” sərhəd zastavalarında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd orta məktəbinin müəllim və şagird kollektivinin, ictimaiyyətin, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Milli Qəhrəmanın müəllimləri, sərhədçi zabitlər şəxsi heyət qarşısında çıxış edərək Çingiz Qurbanovun orta məktəb illəri ilə bağlı xatirələrini bölüşüb, onun döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığından bəhs ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Çingiz Qurbanov qanını və canını əsirgəmədən torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an döyüşə hazır olan Azərbaycan əsgərinin növbəti simvoludur. Çingiz Qurbanov həm düşmənə, həm də bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgəri var. Milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq.
Tədbirlərdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində cəbhə xəttində düşmənə sarsıdıcı zərbələrin endirilməsi, xarici siyasətdə əldə olunan ardıcıl diplomatik qələbələrimiz torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə olan inamı daha da artırıb.
Anım tədbirlərində şagirdlər və sərhədçi əsgərlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.