MƏDƏNİYYƏT
Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi anılıb
Bakı, 9 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
İyunun 9-da Xətai prospekti 130 ünvanında Milli Qəhrəman Fazil Mehdiyevin büstü qarşısında şəhidin anadan olmasının 50 illiyi münasibətilə anım tədbiri keçirilib. Fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, məktəblilər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi (İB) yeni bir layihəyə start verib. Layihənin məqsədi qəhrəman övladlarımızın xatirəsinin yaşadılmasıdır.
İB-nin sədri Azadə Məmmədova bildirir ki, bu layihə çərçivəsində reallaşan sərgidə Milli Qəhrəman Fazil Mehdiyevə, şəhidlərə, ümumilikdə vətənpərvərlik mövzusuna həsr edilmiş 50-dən çox portret və əl işi sərgilənir.
Tədbirdə digər çıxış edənlər ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin əziz olduğunu söyləyiblər.
Milli Qəhrəmanın anası Şövkət Mehdiyeva oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə başçısına, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, oğlu haqqında kövrək xatirələrini bölüşüb.
Sonda Abşeron rayonundakı Ağdam köçkün tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.