REGİONLAR
Milli Qəhrəman Mehdi Abbasova həsr edilən “Xüsusi təyinatlı” filmi təqdim olunub
İsmayıllı, 7 iyun, AZƏRTAC
İsmayıllıda Mədəniyyət Nazirliyinin “Yaddaş” studiyası tərəfindən çəkilən, Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasova həsr edilən “Xüsusi təyinatlı” sənədli filminin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, ziyalıların, gənclərin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhər Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin məsul işçisi Almaz Sultanova filmin çəkilişindən, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə göstərilən ehtiramdan danışıb.
Sonra “Xüsusi təyinatlı” filmi nümayiş etdirilib.
Qeyd edək ki, filmin qəhrəmanı Mehdi Abbasov Qərbi Azərbaycanda dünyaya gəlib. Orta və ali təhsilini Qazaxıstanda başa vurub. Azərbaycanda isə şəhidlik zirvəsinə ucalıb.
Təqdimat mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova “Xüsusi təyinatlı” filminin, eləcə də bu mövzuda çəkilən ekran əsərlərinin Milli qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsində, gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıb.
Sonda Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı sərgi ilə tanışlıq olub.