REGİONLAR


Milli Qəhrəman Namiq Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 28 il ötür

Ağcabədi, 13 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Vətən sağ olsun” deyib canlarından keçdilər. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Milli Qəhrəman Namiq Vahid oğlu Abdullayevdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Namiq Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Fevral ayının 13-də Avşar kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.

Milli Qəhrəmanın anım günü münasibətilə ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri onun adını daşıyan Avşar kənd tam orta məktəbindəki büstünü ziyarət edib, önünə tər qərənfillər qoyublar. Çıxış edənlər onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Namiq Abdullayevin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.