MƏDƏNİYYƏT


Milli Qəhrəman Rafiq Nəsrəddinov “Şəhidliyin zirvəsi” filmində

Bakı, 24 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Noyabrın 24–də Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə rejissor Könül Kərimovanın quruluşunda Milli Qəhrəman Rafiq Nəsrəddinova həsr olunmuş “Şəhidliyin zirvəsi” adlı sənədli filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Milli qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində nümayiş olunan filmin təqdimatı Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəbdə baş tutub.

Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin direktoru Tahirə Şükürova çıxış edərək yeni gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və təbliği məqsədilə həyata keçirilən sənədli filmlər layihəsini yüksək qiymətləndirib. Məktəb direktoru Milli Qəhrəmanın keçdiyi ömür yolundan və öz vətəninə şərəflə xidmət etməsindən söz açıb. Rafiq Nəsrəddinovun keçdiyi döyüş yolunun gənclərə örnək olduğunu qeyd edən T.Şükürova bildirib ki, belə tədbirlərin keçirilməsində, həm də məqsəd zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Daha sonra filmin təqdimatı olub.

Qeyd edək ki, Rafiq Nəsrəddinov 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, 1994-cü ildə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.