MƏDƏNİYYƏT


Milli Qəhrəman Şikar Aslanovun xatirəsi anılıb

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də İstiqlal Muzeyində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Milli Qəhrəman Şikar Aslanovun xatirəsinə həsr edilmiş “Vətən sənə oğul dedi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Cəbrayıl Tarix–Diyarşünaslıq Muzeyinin eksponatları ilə və Milli Qəhrəmana həsr edilmiş guşə ilə tanış olublar.

Muzeyin direktoru Tariyel Abbasov Cəbrayılın erməni vandalları tərəfindən viran edildiyini, evlərin, mədəniyyət ocaqlarının, mədəni-məişət binalarının, tarixi abidələrin yerlə-yeksan olunduğunu, əhalinin öz doğma yurd- yuvalarından didərgin və qaçqın düşdüyünü bildirib. Deyib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə cəbrayıllılar da çoxlu şəhid verib.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Şikar Aslanovun döyüş yolu haqqında geniş məlumat verilib. Bildirilib ki, Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya göz açıb. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirib. 1988-ci ildə keçmiş sovet ordusunda hərbi xidmət keçib. 1990-cı ildə doğma vətənə qayıdaraq polis sıralarında işə başlayıb. Erməni işğalçılarının ölkəmizə qarşı qaldırdığı torpaq idealları yüzlərlə vətən oğlu kimi Şikarı da silaha sarılmağa məcbur edib. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub. 1992-ci il iyul ayının 2-də hərbi əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Doğulduğu Süleymanlı kəndində dəfn edilib. 1992-ci ildə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Milli Qəhrəmanın keçmiş döyüş yoldaşı, komandiri Rəfael Abbasov, muzeyin direktoru Fəridə Şəmsi və başqaları çıxış edərək Şikar Aslanovun döyüş yolundan, göstərdiyi igidliklərdən söhbət açıblar.

Tədbirdə qəhrəmana həsr edilmiş film nümayiş olunub, şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.