REGİONLAR


Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

Tərtər, 23 mart, AZƏRTAC 

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun şəhidlik zirvəsinə ucalmasından 25 il ötür. Bu münasibətlə Tərtər şəhərində Milli Qəhrəmanın xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vəzir Orucovun ailə üzvləri və döyüş dostları, rayon ictimaiyyətinin nümayəndələri Tərtər şəhərində Şəhidlər abidə kompleksi və Milli Qəhrəmanın barelyefi önünə əklil və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Mədəniyyət Mərkəzində davam edən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıb. Məlumat verilib ki, Vəzir Orucov 1956-cı ildə Tərtərin Xoruzlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub, təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra 1984-cü ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda V.Orucov Azərbaycana qayıdıb, Tərtər özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, 1993-cü il yanvarında tam sağalmasa da, yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Döyüşlərdəki şücaətinə və komandirlik bacarığına görə batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsindəki yüksəklik uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 1993-cü il martın 27-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan natiq bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzil və avtomobillərlə təmin olunur. Tərtər şəhərinin mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun və Nicat İsgəndərovun adları verilib.

Tərtər özünümüdafiə batalyonunun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov və başqaları çıxış edərək, Milli Qəhrəmanın torpaqlarımızın müdafiəsində göstərdiyi şücaətlərdən danışıblar.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalarla çıxış ediblər. Tədbirin sonunda Tərtər özünümüdafiə batalyonuna həsr olunmuş “Batalyon” filmi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.