ELM VƏ TƏHSİL


Milli Qəhrəman və şəhid adlarını daşıyan məktəblər

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəblərə Milli qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında böyük əhəmiyyət kəsb edir. Vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.

Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır.

Azərbaycan xalqı Milli qəhrəmanların və şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycan əsgəri bu gün də misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. Şanlı ordumuz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, uğurlu əməliyyatlar keçirərək bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir.

Vətənin ərazi bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anır, ön cəbhədə rəşadətlə mübarizə aparan əsgərlərimizə böyük qələbə sevincini yaşamağı arzulayır və işğal altında olan digər torpaqlarımızda da tezliklə üçrəngli bayrağımızın dalğalanacağına əminliyimizi ifadə edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.