CƏMİYYƏT


“Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub

Bakı, 14 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ayrı-ayrı Milli Qəhrəmanların doğmaları iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb: “Hələ ötən əsrin 90-cı illərindən ümummilli liderimiz Heydər Əliyev bu sahədə ilk mühüm addımların atılmasını təmin edib. Habelə 1993-cü ilin dekabrında ulu öndərin müvafiq sərəncamı ilə milli qəhrəmanlara, onlardan həlak olanların ailələrınə yardım edilib. 1995-ci ilin iyununda milli qəhrəmanların, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər daha da gücləndirilib, milli qəhrəmanların, ümumən Vətənin müdafiəsində şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər aparılıb. Eləcə də dövlət başçısının 14 iyul 2005-ci il tarixli Sərəncamı ilə milli qəhrəmanlarımıza, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüd artırılaraq 1000 manata çatdırılıb”.

S.Müslümov bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuran milli qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir. Qeyd edib ki, buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir istiqaməti də məhz milli qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliği məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Hazırda təqdim olunan “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir.

Qəhrəman həmvətənlərimizin həyat və döyüş yolunun təbliğinin, habelə bu kitabın xüsusən indiki dönəmdə çox önəmli məsələlərdən olduğunu qeyd edən S.Müslümov hazırda Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu diqqətə çatdırıb. S. Müslümov deyib: “Aprel ayının əvvəllərində Azərbaycan ordusunun təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatının qarşısını uğurla alması, düşmənə layiqli cavab verməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər qüdrətli bir ordu kimi formalaşdığını və işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğunu sübut etdi”.

Nazir bildirib ki, nəsillərdən nəsillərə ərməğan kimi qalacaq bu kitabda ölkəmizin ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə misilsiz mərdlik və igidlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı şərəfli adına layiq görülmüş 211 nəfər həmvətənimiz haqqında məlumatlar, onlarla bağlı foto-materiallar toplu halında təqdim edilir. Hazırda milli qəhrəmanlar haqqında müəyyən nəşrlər, informasiya mənbələri olsa da, nəfis tərtibatla nəşr olunmuş bu kitab bütün milli qəhrəmanlarımızı tam əhatə edir. Burada hər bir Milli Qəhrəmanımız haqqında dolğun məlumat əksini tapıb və bu dəyərli kitabın cəmiyyətimizdə maraqla qarşılanacağı şübhəsizdir.

S.Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş insanların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan siyasət barədə də məlumat verib.

Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı kitabın ərsəyə gəlməsindən bəhs edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə digər vətəndaş cəmiyyətləri ilə yanaşı, həmin təşkilatla da əməkdaşlığa önəm verməsindən razılıqla söz açıb. E.Uluxanlı nazirlik tərəfindən “Milli Qəhrəmanlarımız” kitabının hazırlanması və nəşrinə verilən dəstəyin ümumən milli qəhrəmanlarımıza və şəhid olan qəhrəmanlarımızın xatirəsinə hörmət və ehtiramın əməli bir nümunəsi olduğunu diqqətə çatdırıb, bu dəstəyə görə nazirliyə minnətdarlığını ifadə edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev bildirib ki, milli qəhrəmanlarımızın daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının təbliği bu gün Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsində, ümumən hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə aparılan işlərin, habelə “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə dəstək verilməsinin təqdirəlayiq və yaxşı bir nümunə olduğunu diqqətə çatdırıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərmiş milli qəhrəmanlarımıza diqqət və qayğı göstərilməsi, eyni zamanda şəhid qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər, müvafiq normativ-hüquqi aktlar barədə söz açıb. Komitə sədri təqdim edilən “Milli Qəhrəmanlarımız” kitabının nəcib və xeyirxah bir mərama xidmət etdiyini, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində onun dəyərli və təsirli vasitələrdən biri olacağını vurğulayıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva milli qəhrəmanlarımız haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib. Milli qəhrəmanlarımızın hər birinin həyat və döyüş yolunun, şücaətlərinin gənclərimiz üçün bir örnək olduğunu bildirib

Digər çıxış edənlər kitabın milli qəhrəmanlarımız haqqında ən dolğun və əhatəli informasiya mənbəyi olmasından, onun qəhrəmanlarımızın tanıdılması sahəsində önəmindən və tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.