CƏMİYYƏT
Milli Qurtuluş Günü Azərbaycan tarixində parlaq səhifədir
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qurtuluş Gününə həsr olunan “Azərbaycanın xilas günü” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə müstəqilliyin əvvəllərində respublikamızda bütün sahələrdə hökm sürən dərin tənəzzüldən, cəbhədəki uğursuzluqlardan, vətəndaş müharibəsi və Azərbaycanın bölünməsi təhlükəsindən danışıb. Bildirib ki, gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında gərgin mübarizə gedirdi. Məhz belə ağır ictimai–siyasi mühitdə ümummilli lider Heydər Əliyev ali xilaskarlıq missiyasını yerinə yetirmək üçün Naxçıvandan Bakıya qayıtdı və Azərbaycan dövlətini xilas etdi. Ümummilli Lider iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü ilin oktyabrında Prezident seçildi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitlik yarandı, atəşkəs elan olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində inamlı addımlar atıldı, nizami ordu yaradılması və ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm işlər görüldü. Müstəqil Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət quruculuğu işlərinə başlanıldı, qarşıdakı onilliklər üçün dövlətimizin inkişafı və milli təhlükəsizliyinin təmin olunması istiqamətləri müəyyənləşdirildi.
Tədbirdə muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov “Heydər Əliyev və beynəlxalq güclərin Azərbaycandakı maraqları” mövzusunda məruzəsi dinlənilib.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.