ELM VƏ TƏHSİL
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
Bakı, 14 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın istəyi ilə Naxçıvandan Bakıya gəlib. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunub. Bu gün Azərbaycanın dünyada söz və nüfuz sahibi olan demokratik, dünyəvi dövlət kimi tanındığını bildirən E.Qasımov diqqətə çatdırıb ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.
Ali məktəbin ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev bildirib ki, qurtuluşun ilk gərgin 5 ilində ümummilli lider Heydər Əliyev 33 ölkəyə 79 səfər edib, 232 tədbirdə iştirak edərək 431 sənəd imzalayıb. Daha sonra alim neft diplomatiyası və “Əsrin müqaviləsi”nin imzalanması, dünya siyasətində Azərbaycanın mövqeyinin möhkəmlənməsi, beynəlxalq iqtisadi münasibətlərdə ölkəmizin söz sahibinə çevrilməsinin arxasında duran məqsədyönlü və uğurlu siyasətdən bəhs edib. O, həmçinin Ulu Öndər tərəfindən atılmış uğurlu diplomatik addımlardan - atəşkəs və daxili sabitliyin yaradılması, neft siyasətinin formalaşdırılması, Qarabağ problemi üzrə regional və beynəlxalq müstəvidə aparılan danışıqlar haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.