REGİONLAR


Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində çox mühüm yer tutur

Sumqayıt, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Onlayn formatında reallaşan konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Gənclər Birliyinin nümayəndələri, ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak ediblər.

Təşkilat sədri Ramiz Hüseynov tədbir iştirakçılarını salamlayaraq tarixə, siyasi proseslərə nəzər salıb. Qeyd edilib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində çox mühüm yer tutur. Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkir.

Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır deyən natiq Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarilə hazırda regionun güclü dövlətinə çevrildi. Onun qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyevin irsində Ailə, qadın və uşaq məsələləri vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil kimi” mövzusunda çıxış edib. O, müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olub. H.Hüseynova Azərbaycanın bugünkü uğurlarını Heydər Əliyev strategiyasının təntənəsi kimi dəyərləndirib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Liderin ən böyük arzusunu yerinə yetirdi.

Deputat XX əsrin əvvəllərindən indiyə qədər yaradılan hüquqi baza, həyata keçirilən mühüm dövlət tədbirləri sayəsində Azərbaycan qadınının bir neçə əsrə bərabər inkişaf yolu keçdiyini qeyd edib. Belə ki, qadınlarımız xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər.

Hicran Hüseynova müstəqillik qazandıqdan və ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə qayıdışından sonra qadınların Azərbaycanın ictimai-mədəni həyatında iştirakının əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Məhz bu dövrdə dövlət qadın siyasəti diqqət mərkəzində saxlanılıb, qadınların hüquq və vəzifələrinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınların cəmiyyətin inkişafında, dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması və onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib: “1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında qadın hüquqları öz əksini tapıb, dövlət quruculuğu prosesində qadınların iştirakına hüquqi zəmin yaradılıb. Ulu öndər Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə qadınların problemlərinin həllinə hərtərəfli qayğı göstərməsi, onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında iştiraklarını təmin etməsi bu gün Azərbaycan qadınının qazandığı nailiyyətlərin əsas hərəkətverici qüvvəsi olub. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də ölkəmizdə dövlət qadın siyasəti sahəsində mühüm tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur və BMT-nin Qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür”.

Çıxış edən digər natiqlər “Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı” , “Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır”, “Müstəqillik dövrü mədəniyyətimizin dirçəldilməsi və inkişafı böyük xilaskar Heydər Əliyevin adı ilə bağlıdır”, “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin iqtisadi gücünün əsasını qoymuşdur”, “Ulu öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinin yaradıcısı kimi”, “Azərbaycan iqtisadiyyatının bu günü ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir” mövzu ətrafında fikirlərini bildiriblər.

Qeyd edilib ki, xalqımız 15 İyun - Milli Qurtuluş Gününü müasir tariximizin ən önəmli hadisəsi kimi qəbul edir, dəyərləndirir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Çıxışlarda Heydər Əliyevin öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyət, ümumdünya tarixinin azərbaycanlı dahisi olduğu dönə-dönə vurğulanıb. Bütün çıxışlarda Ümummilli Liderə sonsuz ehtiram və məhəbbət səslənib.

Sonda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbirə yekun vuraraq bugünkü Azərbaycanın məhz Ulu Öndərin ideyasının təntənəsi olduğunu bir daha vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.