REGİONLAR


Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir

Naxçıvan, 13 iyun, AZƏRTAC

1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq oldu. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edildi.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə danışılıb.

Tədbirdən öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş sərgiyə baxış olub. Rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət nümunələrinin əks olunduğu sərgidə 30-dan çox əsər nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək, dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi süquta uğratmaq planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli Liderin siyasi xətti bu gün layiqincə davam etdirilir.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev “Böyük missiyanı gerçəkləşdirən siyasi düha” adlı çıxışında bildirib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə nəsib olmur. Çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir.

Vurğulanıb ki, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Ulu Öndərin müdrik addımı nəticəsində Azərbaycan dövlətçilik əleyhinə yönəlmiş qəsdlərdən uğurla çıxıb.

Tələbələrin bədii qiraəti dinlənildikdən sonra “Milli qurtuluşdan intibaha” adlı film nümayiş olunub, konsert proqramı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.